ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranın dondurulmuş aktivlərinin açılmasının həm ABŞ, həm də İran xalqı üçün faydalı nəticələr verəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, Vensin mətbuat konfransı zamanı çıxış edərək qeyd etdiyinə görə, əgər İranın xaricdəki maliyyə aktivləri gələcəkdə yenidən istifadəyə açılarsa, bu vəsaitlər ABŞ iqtisadiyyatına da müsbət təsir göstərəcək.
“Əgər İran aktivləri nə vaxtsa dondurulmuş vəziyyətdən çıxarılarsa, bu vəsaitlər amerikalı fermerlərin zənginləşməsinə və İran xalqının ərzaqla təmin olunmasına xidmət edəcək. Bu, ABŞ Prezidenti Donald Trampın klassik və çox uğurlu razılaşmalarından biri olar”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, belə bir addım həm Amerika xalqının, həm də İran vətəndaşlarının maraqlarına uyğun olacaq. Vitse-prezident əlavə edib ki, mümkün razılaşma regionda təhlükəsizlik arxitekturasının qorunmasına da töhfə verə bilər. “Bu, bizim xalq üçün də, İran xalqı üçün də əla nəticədir. Ən vacibi isə odur ki, bu addım formalaşdırdığımız regional təhlükəsizlik sisteminə müsbət təsir göstərəcək. Biz həmin sistemin qorunması üçün ciddi çalışacağıq”, – deyə o vurğulayıb.
Cey Di Vensin açıqlamaları Vaşinqton və Tehran arasında son dövrlərdə intensivləşən diplomatik təmaslar fonunda səslənib. Son günlər İran və ABŞ nümayəndələri İsveçrədə bir sıra görüşlər keçirib və tərəflər arasında xüsusilə nüvə proqramı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Ekspertlərin fikrincə, İran aktivlərinin dondurulmasının ləğvi məsələsi ABŞ–İran münasibətlərində əsas müzakirə mövzularından biri olaraq qalır. Bu addımın atılması üçün tərəflər arasında daha geniş siyasi razılaşmaların əldə olunması vacib hesab edilir.
Hazırda Vaşinqton və Tehran arasında aparılan danışıqların hansı nəticə verəcəyi və İran aktivlərinin taleyi ilə bağlı yekun qərarın nə vaxt qəbul ediləcəyi hələlik məlum deyil.
Bizimyol.info






