Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi zonasındakı hərəkətlərini yanlış hesab edir. Buna görə də, bu mövzuda baş nazir Nikol Paşinyanla telefon danışığı aparmaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti İyirmilər Qrupu (G20) sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Mən bu məsələ ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar aparmışam, ondan sonra bəlkə sabah cənab Paşinyanla danışıqlar aparacağam. Burada, xüsusən də Qarabağ bölgəsində atılan addımlar yanlış addımlardır, buna dözmək olmaz, Aİ-yə üzv dövlətlər də buna dözə bilməz. Sabah aparacağımız danışıqlarda biz cənab Paşinyana deyəcəyik ki, belə seçkiləri qəbul etmək qətiyyən mümkün deyil. Dostlar, Qərb ölkələri və indiyə qədər görüşdüyümüz digərləri bu seçkiləri qəbul etmirlər. Bu, baş verəcək bir şey deyil, bu, edilə biləcək bir seçki deyil”, - deyə R.T.Ərdoğan qeyd edib.
Şənbə günü qondarma "Qarabağ Respublikası"nın parlamenti yeni prezident seçib. Yeganə namizəd Samvel Şahramanyan olub. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Ermənistan 1988-ci ildən Qarabağı ələ keçirmək niyyəti ilə Azərbaycana qarşı münaqişə başladıb. 2020-ci ilin sentyabrında bölgədə yenidən aktiv döyüşlər başlayıb. Noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatların tam dayandırılması haqqında birgə bəyanat imzalayıblar.
Humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün bölgəyə Rusiya sülhməramlıları gətirilib. 2023-cü il mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində Paşinyan bəyan edib ki, İrəvan Qarabağın da daxil olduğu sərhədləri daxilində Azərbaycanın suverenliyini tanıyır.
Qadir, Bizimyol.info






