Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"BQXK Qarabağ müharibəsində ermənilərə maddi-mənəvi yardım göstərib, informasiya dəstəyi verib"
"BQXK Qarabağ müharibəsində ermənilərə maddi-mənəvi yardım göstərib, informasiya dəstəyi verib"

“Prezident İlham Əliyev Evronews kanalına müsahibəsində Laçın yolunda baş verənlərə səmimi, açıq şəkildə aydınlıq gətirdi. Məsələ ondadır ki, aprelin 23-də, Ermənistanla dövlət sərhədimiz tam nəzarətə götürüldü və buraxılış postu qoyuldu. Bundan sonra, saxta “Miatsum” ideyalarının məhv olduğunu görən erməni təbliğat maşını bütün imkanlarını işə salaraq, ölkəmiz əleyhinə informasiya müharibəsini genişləndirdi. Ənənələrinə sadiq qalan erməni təbliğatının strateji xəttini, həmişə olduğu kimi, “blokada”,“genosid”, “etnik təmizləmə,” sözləri təşkil edir. Təbliğat həvəskarları beynəlxalq birliyi Azərbaycana təzyiq etməyə çağırır, ağlaşma qururlar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat hesab edir ki, faktlar tam əksini deyir.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Birincisi, hər hansı blokadadan söhbət gedə bilməz. Cənab Prezident haqlı olaraq qeyd etdi. 2000-dən yuxarı erməni Ermənistana və yaxud əks istiqamətdə buraxılış məntəqəsindən sərbəst şəkildə keçib. Müvəqqəti bağlanmanın səbəbi isə, terrorçuların postumuzu atəşə tutmaları və bir əsgərimizin yaralanmasıdır. Hal-hazırda da sərhəd açıqdır. Televiziya kanalları, sosial şəbəkələr, hər gün, canlı olaraq erməni vətəndaşlarının keçidini nümayiş etdirirlər. Müasir informasiya əsrində, bunu gizlətmək mümkün deyil.

İkincisi, qaçaqmalçılıqla, gömrük bəyannaməsi olmadan qeyri-ərzaq məhsullarının ölkə ərazisinə gətirilməsidir. Təəssüf doğuran odur ki, ermənilər qanunsuz fəaliyyətdə, Qırmızı Xaç maşınlarından, şəxsi heyətin imkanlarından istifadə edirlər. Qırmızı Xaç humanitar cəmiyyətdir və kommersiya fəaliyyəti ilə məşğul olması, qanunla qadağandır.

Üçüncüsü, “humanitar karvan” adı altında 19 yük maşınlarının, əvvəlcədən razılaşdırmadan sərhədlərimizə yaxınlaşması, növbəti şou, təxribatdır. Avtomobil karvanını bəzi avropalı ermənipərəst siyasətçilərin müşayiət etməsi, yumşaq desək, acı təəssüf doğurur. Sürücülərin uniformalarında Qırmızı Xaça məxsus işarələrin olması da ayrı bir biabırçılıqdır.

Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, Qırmızı Xaç birinci Qarabağ müharibəsində də, ermənilərə maddi və mənəvi yardım göstərmiş, informasiya dəstəyi də vermişdir. Bütün bunlar bir daha göstərir ki, Qırmızı Xaç cəmiyyəti, eləcə də, humanitar aksiya adı altında ermənilərə dəstək verən avropalı siyasətçilər, bölgədə sülhün yaranmasında yox, gərginliyin artmasında maraqlıdırlar”-deyə deputat izah edib. O, bildirib ki, dövlət başçısı İlham Əliyev növbəti dəfə Ermənistana və Qarabağda yaşayan ermənilərə tutduqları yolun təhlükəli olduğu, yenidən müharibəyə başladıqları halda daha çətin vəziyyətə düşəcəkləri barədə xəbərdarlıq etdi. İndi "top" ermənilərdədir.

Nəsib Məhəməliyev hesab edir ki, ermənilər, son illər ərzində prezidentin bütün müsahibələrini, bəyanatlarını təhlil etməli və düzgün nəticə çıxarmalıdırlar.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »