ABŞ hərbçiləri Hörmüz boğazında vəziyyəti sabitsizləşdirməkdə iştirak edən İran qüvvələrini zəiflətməyə yönəlmiş əməliyyatın növbəti mərhələsini başa çatdırıb.
Bizimyol.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının 15 iyul 2026-cı ildə yayımladığı rəsmi açıqlamaya əsasən, 90 dəqiqə davam edən hava zərbələri dalğası Böyük Tumb adasında yerləşən sahil müdafiə komplekslərinin, eləcə də qanadlı raketlərin saxlanıldığı anbarların və buraxılış qurğularının məhv edilməsinə yönəlib.
Əməliyyatın əsas məqsədi Tehranın kommersiya gəmilərinə qarşı hücumlarda istifadə etdiyi hərbi potensialını sistemli şəkildə zəiflətməkdir. Vaşinqton bildirir ki, ABŞ aviasiyasının fəaliyyəti yalnız gəmiçiliyin azadlığının və beynəlxalq ticarət yollarının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
ABŞ qüvvələri dəqiq zərbələrlə yanaşı, İran limanlarına qarşı dəniz blokadası rejimini də davam etdirir. Bu rejim rəsmi olaraq bir gün əvvəl yenidən tətbiq olunub.
ABŞ komandanlığı təsdiqləyib ki, son 17 saat ərzində Hərbi Dəniz Qüvvələri tətbiq edilən məhdudiyyətləri pozmağa çalışan ən azı iki kommersiya gəmisinin qarşısını alaraq onları istiqamətləndirib.
Bölgədə gərginlik yüksək olaraq qalır. Vaşinqtonun addımlarına cavab olaraq İran hakimiyyəti ABŞ əməliyyatları dayandırılana qədər Hörmüz boğazını bağlı saxlamağa hazır olduğunu açıqlayıb.
Pentaqon isə döyüş hazırlığının yüksək səviyyədə saxlanıldığını bildirir və Tehranın qlobal enerji təchizatına təzyiq göstərmək cəhdlərinə, eləcə də davam edən qarşılıqlı zərbələrə baxmayaraq, gəmiçiliyin qorunması ilə bağlı tədbirlərin tam icrasını təmin etməkdə qərarlı olduğunu vurğulayır.
Bizimyol.info






