Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxşı" terrorçu, pis terrorçu...
"Yaxşı" terrorçu, pis terrorçu...

Ermənistan Azərbaycana qarşı məhkəmə iddiası qaldırıb. Nəymiş?! Vaqif Xaçaturyanı geri istəyir.

Rəsmi İrəvan və onun arxasındakı dairələr şokdan ayılıblar. Və 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlılanın öldürülməsində - soyqırım aktında iştirak etmiş terrorçuya görə əl-ayağa düşüblər. Vaqif Xaçaturyanı tezliklə azad etməklə bağlı Bakıya tələblər irəli sürürlər.

Vaqif Xaçaturyanın törətdiyi cinayətləri dana bilməzlər; sənədli sübutlar var, fotofaktlar var. Eləcə də, həmin hadisələrdə zərər çəkən, ancaq hələ də salamat qalmış insanlar var. Onlar da bu vəhşiliyi kimin, harda, niyə və necə törətdiyini görüb, canlı şahidlik edirlər. Buna görə Xaçaturyandan ötrü siyasi və "hüquqi" tozanaq qaldıranlar: "Vaqif Xaçaturyan məsumdur" deyə bilməz. Sadəcə, belə bir "arqument" gətirirlər ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Vaqif Xaçaturyana qarşı irəli sürdüyü ittiham müddətin keçməsi ilə qüvvədən düşüb - zaman aşınmasına məruz qalıb. Ancaq səhv edirlər. Bəli, Azərbaycan cinayət qanunvericiliyində müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə var. Bu, qüvvədə olan Cinayət Məcəlləsinin 75-ci maddəsində göstərilir ki, hətta xüsusilə ağır cinayətin törədilməsindən iyirmi il keçibsə, bu cinayəti törətmiş şəxs məsuliyyətdən azad olunur. Bəli, Vaqif Xaçaturyan xüsusilə ağır cinayətlər törədib və üstündən 20 ildən çox, hətta 30 ildən çox zaman keçib. Buna görə Azərbaycan Xaçaturyanı azad etməyə məcburdurmu? Xeyr! Səbəbi yenə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yazılıb. Həmin 75-ci maddənin 5-ci bəndində yazılır:

"Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur".

Vaqif Xaçaturyan da daxil olmaqla çoxlu sayda qanunsuz silahlı dəstə üzvləri sülh və insanlıq əleyhinə cinayətdə şübhəli bilinirmi? Bəli! Onların terrorçuluq etməsinə müharibə cinayətləri törətməsinə dair Azərbaycanın istintaq orqanlarında əsaslı şübhələr varmı?! Əlbəttə. Belə olmasaydı, 10 il əvvəl Xaçaturyanı beynəlxalq axtarışa verə bilməzdik. Terrorçuluğa dair əsaslı şübhə varsa, terrorçuluğu maliyyələşdirmə şübhəsi dünəndən var. Azərbaycan qanunvericiliyindəki bu müddəaya - terrorçuluq etmiş, müharibə cinayətləri törətmiş və sair caniləri müddətin keçməsi ilə bağlı məsuliyyətdən azad etməməyimizə beynəlxalq birlik də etiraz etməyib. Qanun qarşısında yaşından, cinsindən, milliyyətindən və sair asılı olmayaraq hamı bərabərdirmi?! Təbii ki. Beynəlxalq konvensiyalar bunu da mübahisələndirmir. Əksinə, milli qanunvericiliklərdən tələb edir. O halda Vaqif Xaçaturyanın saxlanması, həbs olunması, ona qarşı ittihamlar sübut edildikdə məhkum olunması beynəlxalq hüquqa, müvafiq konvensiyalara tamamilə uyğundur.

Beynəlxalq konvensiyalar milli qanunvericilik üzərində o halda üstün qüvvə qazanır ki, dövlətin qoşulduğu konvensiyanın və milli qanunvericiliyin bu və ya başqa müddəaları bir-birinə zidd olsun. Haqqında danışdığımız halda isə heç bir uyğunsuzluq yoxdur. O zaman bu tələblər, bu hay-küy nəyə əsaslanır?! Ermənistanı anladıq: bu dövlət yarandığı gündən beynəlxalq hüquqa deyil, beynəlxalq siyasətə arxalanıb. Bəs böyük-böyük dövlətlər, ciddi-ciddi qlobal və regional təşkilatlara nə düşüb?! İndi bu Xaçaturyandır deyə bütün konvensiyalar, qanunlar, hüquq-filan yaddan çıxır?!

Bəs nə üçün Radovan Karaciçi məhkum etdiniz?! O da eyni vəhşiliklə hərbi cinayətlər törətməmişdimi?! Törətmişdi. Eyni haldır. Nədən bir ölkədə hərbi cinayətlər törədəni məhkum edənlər başqa ölkədə eynisini edənə azadlıq istəyir?! İkinci Dünya Müharibəsindən 78 il keçib. Ancaq hələ də Cənubi Amerikada, dünyanın başqa ucqarlarında keçmiş nasistlər - insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən canilər axtarılır, tapılır, cinayət məsuliyyətinə cəlb edilir. Yaşına-başına baxmadan. Bunu Avropada edirlər. Biz də Avropa Şurasının üzvü olaraq qanunvericiliyimizi identifikasiya etmişik, elə deyilmi?! ABŞ-ın elə ştatları var, hələ də ölüm hökmünü ləğv etməyib. Biz ləğv etmişik. O zaman bizim qanunlarımızı konkret adamların boyuna "biçmək" cəhdinin adı nədir?! Bu, heç bir halda qəbul edilə biləcək hal deyil.

Vaqif Xaçaturyanın azadlığını tələb etmək Bosniyada, Kambocada, Ruandada, elə günü bu gün Ukraynada dinc, mülki əhaliyə qarşı törədilmiş və törədilməkdə olan müharibə cinayətlərinə haqq qazandırmaq, ən azı göz yummaq deməkdir. Bu gün Rusiya ukraynalılara qarşı necə bir soyqırım törədirsə, eynisini Ermənistan həmin Rusiyanın və başqalarının dəstəyilə azərbaycanlılara qarşı törədib. İrpendə törədilən vəhşiliklə Xocalıda törədilənin nə fərqi var?! Buçadakı, Mariupoldakı qandonduran zalımlıqla Meşəlidə, Qaradağlıda, Kərkicahanda edilən zalımlıq eyni zehniyyətin məhsulu deyilmi?! Nədən Ukraynadakı rus terrorçu pis terrorçudur, onu məhv etmək gərəkdir, amma Qarabağdakı erməni terrorçu "yaxşı terrorçu" kimi xüsusi (həm də beynəlxalq) qoruma altına alınır?! Nədir səbəbi?!

Ukrayna, Kərkicahan demişkən, mən 1992-ci il fevralın 5-də "Azadlıq" qəzetində bir reportaj dərc etdirmişdim. Bakıda və Gəncədə mətbuat nümayəndələri ilə ukraynalı əsgərlərin görüşündən yazmışdım. Ukrayna əsilli keçmiş Sovet (sonra Rusiya) ordusunun əsgər və zabitləri Naxçıvandakı hərbi hissələrdən xüsusi olaraq seçilib Gəncəyə, oradan Xankəndinə ezam olunmuşdular. Məqsəd Qarabağdakı Azərbaycanlı kəndlərinin, eləcə də, Xocalı şəhərinin əhalisinə qarşı soyqırım aktlarında iştirak etmələri idi. Ukraynalı hərbçilər bu əmri yerinə yetirməkdən imtina etmiş, Azərbaycan kəndlərinə getmiş, dinc əhalini müdafiə etmək üçün erməni terrorçuları ilə atışmışdılar. İki ukraynalı hərbçini erməni terror dəstəsi əsir almışdı. Qalanları azərbaycanlıları qoruyaraq təhlükəsiz ərazilərə keçirmiş, özləri isə Bakıya gələrək Rusiya ordusunda xidmətdən boyun qaçırdıqlarını demişdilər. Ukraynalı hərbçilərin dedikləri, təəssüf ki, doğru çıxdı: 20 gündən sonra erməni-rus hərbi birlikləri Xocalı soyqırımını törətdi. Vaqif Xaçaturyanın azadlığı üçün yaxasını cıran "humanist" xarici dairələr, o ukraynalı əsgərləri tapıb özləri soruşsunlar. Bizə inanmırlarsa, ukraynalılara inansınlar.

Və həmin o Ukraynalı keçmiş əsgərlərə desinlər: "Bağışlayın, Ukrayna İrpendəki körpələri qətlə yetirmiş rus işğalçını-terrorçunu 32 ildən sonra belə həbs etsə, biz həmin qatilin azadlığını tələb edəcəyik".

Bəli, bunu da desinlər...

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »