AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli jurnalistlərə açıqlamasında qeyd edib ki, 5.7 bal gücündə olan zəlzələdən sonra afterşoklar davam edəcək, lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur.
Gecə saatlarında baş verən təbiət hadisəsi ölkənin tikinti və əmlak sektoruna da təsirsiz ötüşməyib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq Yeni Günəşli və başqa paytaxtətrafı rayonlarda yüzlərlə bina evi satışa çıxarılıb, vətəndaşlar indi həyət evləri və torpaq sahələri ilə daha çox maraqlanırlar. Türkiyədə fevral ayında baş verən zəlzələdən sonra bina evlərinin təhlükəsizliyi sorğulansa da, bir müddət sonra bu hadisə sanki unuduldu. Gecə saatlarında baş verən 5.7 ballıq zəlzələ isə yenidən eyni sualların yaranmasına səbəb oldu. Azərbaycanda bina evləri nə dərəcədə təhlükəsizdir? Baş verən zəlzələ əmlak sektoruna necə təsir göstərəcək? Onsuz da baha olan həyət evlərində indi daha çox qiymət artımı gözlənilirmi?
Bizimyol.info-nun suallarını əmlak eksperti Elnur Fərzəliyev cavablandırıb. Ekspert bildirib ki, Azərbaycanda əmlak-tikinti sektoru reallıqlarla deyil, panika ilə idarə olunur:
"Nəinki bu gecə baş verən zəlzələnin ardınca, hətta Türkiyədə baş verən zəlzələdən sonra həm Türkiyədə, həm də elə bizim öz əmlak bazarımızda durğunluq müşahidə olundu. Xüsusilə Azərbaycanın əmlak bazarı daha çox reallıqla deyil, panika ilə idarə olunur. Yəni sözlə, hansısa bir hadisə baş verir və qiymətlər qalxır, yaxud bazar dayanır. Ancaq əmlak qiymətlərinin elə də ucuzlaşması gözlənilmir. Biz yeni binalardakı evlərin qiymətlərini nümunə göstərə bilərik. Buradakı evlərin qiymətləri təbii formada artır. Səbəb isə ondan ibarətdir ki, həm tikinti materiallarının qiyməti bahadır, həm də tikinti üçün yararlı torpaqlar indi yox dərəcəsindədir. Mövcud olanların qiymətləri isə çox bahadır.
Digər bir tərəfdən, tikinti normativlərinə görə artıq hündürmərtəbəli binaların tikintisi məhdudlaşdırılıb. İndi tikinti şirkətləri ya bina inşa etməməlidirlər, ya da edirlərsə, gərək məcburən qiymət artımına gedələr. Beləliklə qoyduqları xərci çıxarıb, qazanc əldə etməlidirlər. Ancaq 4-5 mərtəbəli köhnə binalardakı qiymətlər süni artım hesab olunur. Çünki bu binaların əksəriyyəti istismar müddətini başa vurub, bir hissəsi isə qəzalıdır. Normalda başqa ölkələrdə bu cür mənzillərin qiymətləri öz dəyərindən daha ucuz olur. Hətta 50 faiz daha aşağı qiymətə satışa çıxarılır. Ona görə ki, həmin evlər yararsız vəziyyətdə olurlar. Ancaq təssüflər olsun ki, Azərbaycanda bu qəbildən olan binalarda pilot layihələrə görə, yəni söküntü səbəbindən qiymər artımları olur. Həmin binalar sakinlərindən alınıb sökülən zaman ev sahibləri daha çox qazanc əldə edirlər. O evlərin sakinlərinə həm kirayə pulu verilir, həm də yeni tikili binalardan mənzillərlə təmin olunurlar.
Qaldı ki, baş verən zəlzələyə, bu hadisə əsasən cənub rayonlarımızı əhatə etdiyindən, onun titrəyişi demək olar ki, Bakıya çatmır. Nəzərə alsaq ki, tikinti sektorunun çox böyük bir hissəsi paytaxt Bakıda yerləşir, belə olan təqdirdə rayonlarda baş verən zəlzələ Bakıdakı tikinti sektoruna təsir etmir. Baş verən bu hadisə vətəndaşlarda kiçik qorxular yaradıb. Zatən yay aylarında əmlak bazarlarında durğunluq müşahidə olunur. Satılanlar daha çox torpaq sahələri və həyət evləri olur. Ancaq bunlar zəlzələyə görə deyil, hər il baş verən fəaliyyətdir. İndi kimlərsə panikaya düşərək, gedib həyət evləri alır. Biz nəzərə almalıyıq ki, Azərbaycanda evlər, xüsusilə də həyət evləri kəskin bahadır. Bu gün kimin ürəyi istəyir, getsin ev alsın, bu, təəssüf ki, hər kəsə şamil ola bilmir. Bunu ancaq imkanlı şəxslər edə bilir. Onlarında ki, zatən hamısının həm həyət, həm bağ, həm də bina evləri var" deyə, əmlak eksperti qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info






