İsveçrənin Ankaradakı səfiri Jan-Daniel Rux cümə axşamı Sürixdə prezident Rəcəb Tayyib Ərdoğana qarşı keçirilən aksiyaya görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.
“İyunun 14-də Sürixdə prezidentimizə qarşı maketin yandırılması və plakat nümayiş etdirilməsi ilə bağlı insident olması barədə məlumat daxil olub. Bu gün səhər, iyunun 15-də İsveçrənin Ankaradakı səfiri Jan-Daniel Rux nazirliyə dəvət olunub. Ruxa bildirilib ki, prezidentimizə qarşı bu hücum heç bir şəkildə qəbuledilməzdir və belə hücumlara dözmək olmaz”, - deyə mətbuata açıqlama verən XİN əməkdaşı bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi qarşı tərəfdən insidentlə bağlı araşdırmaya başlamağı, günahkarların müəyyən edilməsini və təcili olaraq lazımi tədbirlərin görülməsini tələb edib. İsveçrənin səfirini Xarici İşlər Nazirliyində nazir müavini, Avropa məsələləri üzrə departamentin rəhbəri Mehmet Kamal Bozai qəbul edib.
Türkiyə Avropa ölkələrində onun hakimiyyətinə qarşı yönəlmiş aksiyaları, anti-islam ritorikasını və ya Ankarada terrorçu kimi tanınan təşkilatlara dəstək nümayişlərini diqqətlə izləyir. Demək olar ki, hər dəfə baş verən belə hadisələr səfirin XİN-ə çağırılması ilə yekunlaşır.
Bu ilin əvvəlində Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani Kərimin yandırılması ilə bağlı Türkiyə ilə İsveç arasında böyük qalmaqal yarandı. Yanvarın 21-də sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan Türkiyə diplomatik missiyasının qarşısında Qurani Kərimin açıq şəkildə yandırıb. O, çıxışında Ərdoğanı tənqid edərək, Məhəmməd peyğəmbərin karikaturasını da göstərib.
Qadir, Bizimyol.info






