Cənubi Qafqaz regionunda rusların yerinə türklər gələcək.
Bizimyol.info xəbər verir ki, bu sözləri Azərbaycan üzrə erməni ekspert Qarnik Davtyan “ruslar getsə, Ermənistan sərhədlərində kim dayanacaq?” sualını cavablandırarkən deyib. Belə ki, o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərhəd xidmətlərinə bütün nəzarəti yalnız erməni tərəfi, onun xidmətləri həyata keçirməli olduğu barədə bəyanatını şərh edib.
“Sübut olunub ki, Qərbi təmsil edən bütün xarici qüvvələr Böyük Britaniya ilə birlikdə bizim regionda dəfələrlə qısamüddətli planlar həyata keçirməyə cəhd ediblər. Yəni, gəlib 10 ildən sonra geridə dağıntı qoyub gedirlər”,- deyə ekspert “Novosti-Armenia” Youtube kanalının “Xüsusi rəy” proqramında qeyd edib. Onun sözlərinə görə, Rusiya tərəfinin bu regionda əməkdaşlıqda uzun illər təcrübəsi var.
“Və bunun mənfi cəhətlərinin olmasına baxmayaraq, onların olması həm erməni dövlətçiliyinin qorunub saxlanmasına, həm də onun sabit inkişafına kömək edir. Açığı, ruslar Türkiyə ilə sərhəddə dayanmasaydı, türklər 44 günlük müharibə zamanı İrəvana girəcəkdilər. Bu da göz qabağındadır”,– deyə Davtyan vurğulayıb.
Leyla Mirzə, Bizimyol.info






