Mütəxəssislərin fikrincə, təkcə Azərbaycanda deyil, bütün dünyada avtomobillərin sayı artdıqca, istismar müddəti bitmiş avtomobillərin utilizasiya edilməsi ciddi problemıə çevrilib. Bir çox ölkələrdə Avropa ölkələrində, Yaponiya, Koreya və Çin kimi ölkələrdə bunun bağlı xüsusi qanunvercilik mövcuddur. ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə isə, bazar mexanizmi həyata keçirilir və ekoloji qanunvericilik əsasında müəyyən addımlar atılır. Köhnə avtomobilləri istismardan çıxararaq həm ətraf mühitin çirklənməsini azaltmaq, həm də hərəkət təhlükəsizliyini artırmaq məqsədilə bir çox ölkələrdə köhnə avtomobillərin rəsmi emal müəssisələrinə verilməsi ilə bağlı qaydalar mövcuddur. Bu qaydalara əsasən köhnə avtomobillərin sahiblərinə yeni avtomobil almaq üçün endirim çeki verilir və yaxud avtomobil uyğun qiymətə ondan alınır və utilizasiya edilir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkədə kifayət qədər istismar müddətini keçmiş, atılıb qalmış avtomobillər var. Onların sahiblərini müəyyən edərək həmin avtomobilləri utilizasiya etmək lazımdır. Bunun üçün öncə qanunvericilik bazası formalaşdırılmalıdır.
Elməddin MuradlıEkspert bildirib ki, ölkədə avtomobilərin böyük əksəriyyəti istismar müddətini keçib. Hətta paytaxt küçələrində 40-50 yaşını keçmiş avtomobillər də mövcuddur. Ekspertin fikrincə, bəzi vətəndaşlar var ki, bu avtomobillər onun yeganə gəlir mənbəyidir. Odur ki, bu kimi halları da dövlət nəzərə almalıdır.
Qeyd edək ki, nəqliyat vasitələrinin istehsal tarixi, texniki vəziyyəti atmosferə atılan tullantıların həcminə təsir edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər müzakirə edilib. Dəyişikliklərdə istismar müddəti bitən avtomobilərin utilizasiyası ilə bağlı müddəalar da yer alıb. Məlumata görə, ölkədə istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fondunun yaradılması, köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi və s. digər məsələlər bu qanuna dəyişikliklərdə yer alacaq. Qanun layihəsi birinci oxunuşda qəbul edilib. Əgər qanun layihəsi Milli Məclisin digər oxunuşlarında da qəbul edilərsə, qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minmiş hesab ediləcək. Amma qanunda maraqlı müddəalar yer alıb. Belə ki, yaşı 10 ildən çox olan avtomobillərin utilizasiya üçün vətəndaşlara, yəni avtomobil sahiblərinə veriləcək məbləğin 1500 manatdan başlayacağı qeyd edilir.
Ekspertlər hesab edir ki, bəzi işbazlar dövlətdən pul qoparmaq üçün bir neçə belə avtomobil alaraq, istifadə etməyə çalışırlar. Dövlət qurumları utlizasiya proqramı çərçivəsində bu kimi nüansları da nəzərə alacaq.
İradə Cəlil, Bizimyol.info






