Bu günlərdə Azərbaycan-Ermənistan rəhbərləri sülh müqaviləsi danışıqlarının aparılması məqsədilə yenidən görşüəcəklər. Bu görüşlər Brüssel və Kişnyovda nəzərədə tutulub. Maraqlısı budur ki, Azərbaycan tərəfi sülh üçün danışqlara hazırlandığı bir zamanda Ermənistan təxribatlarından əl çəkmir.
Bir neçə gün öncə Zodda baş vermiş təxribat nəticəsində Azərbaycan hərbçisi şəhid olub. Bu, bir daha sübut edir ki, Ermənistan Sovetin tərkibindən ayrılsa da, bu illər ərzində öz müstəqilliyini tam bərpa etməyib. Adı Ermənistan olan ancaq xarici güclər tərəfindən idarə edilən bir ölkə təbii ki, sülh imzalanmasına maraqlı olmayacaq. Təxirə salmaq, ertələmək, bahənə istehsalı davamlı olacaq. Çünki qərarı verən Nikol Paşinyan deyil. Bu səbəbdən də, Nikol Paşinyan Ermənistanın taleyi ilə bağlı önəmli qərarlar vermək istədiyi zaman bu şəkildə təxribatlar törədilir.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, baş verən təxribat gözlənilən idi və gələcəkdə də bunun baş verməsi ehtimalı böyükdür. Çünki tərəflər arasında istənilən istiləşmə üçüncü tərəfdən qısqanclıqla qarşılandı.
Nəsib Məhəməliyev“Əgər sülh yaratmaq prosesində Qərbin vasitəçiliyi keçirsə, Rusiya ona qısqanclıqla yanaşır. Yəni əsas məsələ budur. Ənənəvi olaraq, əgər Qərb tərəfindən sülh müqaviləsi ilə bağlı sülh danışıqları gedirsə, Rusiya deyir ki, “müharibəni mən dayandırmışam və mən prosesləri nizamlamalıyam və tarixi Cənubi Qafqazda mənim öz maraqlarım var”. Və Rusiya çox yaxşı bilir ki, əgər dayanıqlı sülh olarsa, Rusiya sülhməramlılarına bu ərazilərdə ehtiyac olmayacaq və gələcəkdə Rusiyanın bütövlükdə Qafqazı tərk etməsi ilə nəticələnəcək”,- deyə deputat qeyd edib.
Nəsib Məhəməliyev hesab edir ki, tərəflər arasında istənilən istiləşmə digər tərəfdə yaxşı qarşılanmayacaq və müəyyən təxribatlar olacaq.
İradə Cəlil, Bizimyol.info






