Ermənistan və Türkiyənin xarici işlər naziri sərhədin tam açılması üzərində işi davam etdirmək və Ani körpüsünü birgə təmir etmək barədə razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü erməni həmkarı Ararat Mirzoyan ilə iki ölkə arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesini sürətləndirmək üçün razılıq əldə etdiyini bildirib.
"Hər iki tərəfdə sərhəd-keçid məntəqələrinə yaxın yollarda və körpülərdə aparılan təhlil və yoxlamaların nəticələri var. Hazırda iş gedir, sərhəd-keçid məntəqələrinə gedən yollarla bağlı atacağımız addımlar var. Bu gün biz razılığa gəldik ki, onların qəbulunu sürətləndirək”, - deyə Çavuşoğlu Mirzoyanla Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, bu marşrut tarixi “İpək Yolu”dur və “onun bərpası böyük əhəmiyyət kəsb edəcək”.
Eyni zamanda, Mirzoyan bildirib ki, İrəvan Ankara ilə münasibətlərin tam normallaşmasına və ölkələr arasında sülhün bərpasına hazırdır. O bildirib ki, ölkələr iki ölkə sərhədində yerləşən Ani körpüsünü birgə təmir etmək niyyətindədirlər.
Xatırladaq ki, bu səfər artıq Mirzoyanın son bir ildə Türkiyəyə ikinci səfəridir. 2022-ci ilin martında o, Antalyada diplomatik forumda iştirak edib və burada Çavuşoğlu ilə də danışıqlar aparıb.
Leyla Mirzə






