Rusiyada “Bayraktar” haqda çox yüksək fikirdədirlər. Həm Suriya, həm Qarabağ, həm də Ukrayna müharibəsi Türkiyə şirkətinin pilotsuz uçuş aparatlarının gerçək imkanlarını ortaya qoyub.
Rusiyada hətta Ukraynanın dronlarla paytaxt Moskvaya hücum edə biləcəyindən çəkinirlər. Şimal dövlətinin mətbuatını oxuyanda məhz belə təəssürat yaranır. Bizimyol.info xəbər verir ki, Rusiya mediası “Bayraktar”ın yeni versiyasından həsədlə yazır. Rusiyalı jurnalistlər “Bayraktar Kızılelma”nın ikinci sınaq uçuşunu həyata keçirdiyini bildirir. “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar bu haqda danışıb.
Növbəti mərhələdə pilotsuz qırıcının identifikasiya sistemi sınaqdan keçirilib. Ehtimal olunur ki, pilotsuz təyyarə düşmənin hava hücumundan müdafiəsini sıxışdıra və quru qoşunlarına yaxından dəstək verə biləcək.
Dekabrda Gökçe bələdçi dəsti olan “Bayraktar Akıncı” pilotsuz təyyarəsi Türkiyədə uğurla sınaqdan keçirilib. Qurğu sərbəst düşən sursatları düzəldilmiş silaha çevirən avadanlıqla – “Mk 83” bombası ilə hədəfi uğurla vurub.
Həmin ay “Kızılelma” pilotsuz təyyarəsi ilk uçuşunu etmişdi. Pilotsuz uçuş aparatı hava-hava raketlərini daşıya və idarə olunan təyyarələrlə birlikdə işləyə biləcək. Qurğunun maksimal sürəti saatda 800 kilometr, faydalı yükün kütləsi isə 1,5 ton təşkil edəcək. “Bayraktar Kızılelma”nın uzunluğu 14,7 metrdir. Pilotsuz uçuş aparatı havada 5 saata qədər qala bilir.
Noyabrda Tekirdağ vilayətindəki hava bazasında “Kızılelma”nın yer sınaqları keçirilib. Dron avtonom idarəetmə nümayiş etdirib.
“Bayraktar Kızılelma” ilə bağlı layihə hələ 2013-cü ildə müzakirəyə çıxarılıb. İlk ciddi addım 2021-ci ilin iyulunda atılıb. Onda birinci dəfə ictimaiyyətə geniş məlumat verilib.
Rusiya “Bayraktar”ın müştərək istehsalı üçün Türkiyə şirkəti ilə az danışıqlar aparmayıb. Amma “Baykar”ın rəhbərliyi müharibədə Ukraynanın yanında olduğunu dəfələrlə dilə gətirib. Şirkət hətta rəsmi Kiyevlə birlikdə pilotsuz uçuş aparatı istehsalını planlaşdırır. Müharibənin gərginliyi hələlik planı həyata keçirməyə imkan vermir.
Aytən, Bizimyol.info






