Urmiya gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən qapalı duzlu göldür. Uzun illərdir ki, İran rejimi bu gölün qurudulması üçün çalışır, daha doğrusu gölün qurumasını iqlimlə əlaqələndirərək, bəşəri təsirlərə göz yumur. Mütəxəssislərin fikrincə isə, Urmiya gölünün quruması milyonlarla güney azərbaycanlının həyatını çətinləşdirə bilər. İran rejimi isə, hər zaman olduğu kimi yenə də güney azərbaycanlıların taleyinə biganə yanaşır, onların haqlarını göz görə-görə tapdayır.
Bir neçə il əvvəl Urmiya gölünün quruması ilə bağlı aksiyalar keçirilirdi. Hətta İran rejimi aksiyaçılara bu problemin qarşısının alınması üçün vəsaitin ayrıldığını və tezliklə problemin aradan qaldırlacağını söz vermişdi. Amma tarixə nəzər salanda belə görmək mümkündür ki, İran rejimi heç bir zaman verdiyi “sözləri” tutmayıb.
BMT-nin müvafiq qurumları belə məsələ ilə bağlı həyacan siqanlı versələr də, rejim 10 ildən çoxdur ki, BMT nümayəndələrini bölgəyə buraxmır… Qısası, Urmiya gölü bilərəkdən azərbaycanlılara zərər vermək məqsədilə qurudulur…
Çingiz GöytürkSiyasi şərhçi Çingiz Göytürk Bizimyol.info xəbər portalına müsahiəsində bildirir ki, dünyanın ikinci ən böyük gölü olan Urmu gölünün tamamən quruması heç şübhəsiz ki, çağdaş dünyada yaşanan ən böyük çevrə fəlakətlərindən biri olacaqdır. Göl tamamən quruduğu zaman 5200² kilometrlik ərazi bir duz yığınağına çevriləcək. Hərhansı bir külək və hava hərəkətliyi ilə bu duzların çevrəyə yayılması reallığı ilə qarşı-qarşıya qalacağıq. Bu da o deməkdir ki, bölgə tamamən çölə çevriləcək.
- Çingiz müəllim, uzun illərdir ki, Urmiya gölü quruyur və ya qurudulur. Mütəxəssislərin fikrincə, gölün qurumasına səbəb 20 faiz çevrəsəl amillər iqlim dəyişiklikləridirsə, 80 faiz antropogen amillərə, yəni bəşəri amillərə bağlıdır. Gölün quruması bölgə insanına nə kimi zərərlər verə bilər?
- Bölgə insanın əsasən öz iqtisadiyyatını və yaşamını göldən, əkinçilikdən, maldarlıqdan, balıqçılıqdan təmin etdiyini nəzərə alsaq, bu insanların öz gəlir qaynaqlarından tamamilə məhrum olacağını deyə bilərik. Əkinçilik və maldarlıq bölgədə sona çatacaq və milyonlarla insan birbaşa və onmilyonlarla insan dolayı yolla bu çevrə fəlakətindən mənfi şəkildə təsirlənəcəkdir. Hətta bu gün belə göl tamamilə qurumadığı halda insanlar ciddi xəstəlikırə qarşı-qarşıya qalıb. Gölün qurumasından sadəcə insanlar deyil, həm də o bölgədə yaşayan canlılar və ətraf mühit də öz təsirini alacaq. Adalarda yaşayan vəhşi heyvanlar artıq ciddi bir şəkildə yoxolma təhlükəsiylə qarşı-qarşıyadırlar. Yəni canlı həyat da bu məsələdən, bölgədə və bölgə yaxınlığında yaşayan insanlar kimi təsirlənəcək. Hesab edirəm ki, Urmu gölünün quruması bölgədə həyatı bitirməyə yetəcək. Çox maraqlıdır ki, bunu nə qədər bölgədə quraqlığa və yağışların azalması ilə əlaqələndirsələr də, bu müddətə doğru şəkildə nəzər saldığımız zaman görürük ki, bu sadəcə? təbii bir proses deyil. Təbii məsələlərdən qaynaqlanan bir proses deyil. Burada həm də hakimiyyətin, dövlətin özünün maraqlarını açıq bir şəkildə görürük.
- Dövlətin maraqları dedikdə nəyi nəzərdə tutursunuz. Bu istiqamətdə hansısa fəaliyyət və ya fəaliyyətsizlik müşahidə edilibmi?
- Bu bölgə 1975-ci ildə milli park elan olunmuşdu. Bunun qorunması dövlətin, hakimiyyətin vəzifələrindən biri idi. Ancaq 2006-cı ildən bəri bölgədə aparılan fəaliyyətlərə nəzər saldığımız zaman biz görürk ki, dövlətin bu sahədə apardığı fəaliyyətlərin və xüsusi kəsimlərə yaratdığı imkanlar tamamilə milli park anlayışını ortadan qaldırmağa və bu gölün qurudulmasına yönəlik fəaliyyətlərin planlı, proqramlı bir şəkildə aparılmasına yönəlik olmuşdur. Belə ki, gölə axan suların hamısının üzərində bəndlər yaradılması , birbaşa, Enerji Nazirliyi bəndlərin qurulması və bir sıra SEPAH-a məxsus olan balıqçılıq firmaları tərəfindən süni göllər yaradılması, kənd təsərrüfatı üçün nəzərdə tutulmayan ərazilərin, əkin üçün ayrılması, Urmu gölünü bəsləyən çayların məhz bu əkinçilik məsələlərinə yönəldilməsi, Urmu gölünün qurumasının əsas səbəbləridir. Urmu gölünün quruması açıq-aşkar bütün dünyanın diqqət mərkəzində olduğunu nəzərə alsaq, biz açıq bir şəkildə görürük ki, İran hakimiyyəti xüsusi israrla öz siyasətini davam etdirməkdə və gölü qurutmaqda maraqlıdır.
- Çingiz müəllim, gölün qurudulmasında məqsəd nədir? Bölgə insanına, çevrəyə verəcəyi zərərlərdən danışdıq. Bu məsələnin siyasi tərəfi nədir?
- Urmu gölünün coğrafi mövqeyinə baxan zaman görürük ki, bir tərəfdən Azərbaycan Respublikası ilə, digər tərəfdən isə, qərbdən isə, Türkiyə Cümhuriyyəti ilə sərhəd bölgədir. İran İslam Respublikası bu günə qədər hər vasitəilə bu bölgədə yaşayan Azərbaycan Türklərinin, Türk dövlətləriylə irtibatını qopartmaq üçün ciddi cəhd göstərib.
Urmu gölünün planlı bir şəkildə qurudulması ilə bağlı ilk ağıla gələn məsələ budur ki, İran məhz Türkiyə dövlətiylə və Azərbaycan Respublikası dövləti ilə güney Azərbaycan Türklərinin irtibatını, əlaqəsini kəsmək üçün bu məsələdə maraqlıdır.
İkinci məsələ isə, bu bölgədə kompakt yaşayan Azərbaycan türklərini özü üçün ciddi təhlükə hesab edən, Azərbaycan türklərini bu bölgədən ayırıb İranın içəri tərəflərinə cəlb etmək məqsədi daşıyır. Çünki belə olacağı təqdirdə, assimilyasiya siyasətini daha rahatlıqla yeridə biləcəyini, yürüdə biləcəyini düşünür. Urmu gölü quruyacaq, bu bölgədə yaşayan insanların yaşam keyfiyyəti aşağı enəcək və insanlar yaşayış yerləini dəyişərək, asimiliyasiya edəcəklər. İran bu məsələyə görə də Urmu gölünün qurudulmasında maraqlıdır.
Digər tərəfdən isə, Urmu gölünün kifayət qədər zəngin yeraltı qaynaqlara sahib olduğunu artıq bütün dünya bilir. Burada milyon tonlarla magnezyum, brom, potasyum, litium və digər yeraltı mədənləri var. İran bunları talan etmək və satışa çıxartmaq üçün, Urmu gölünün qurudulmasında maraqlıdır.
- Urmu gölünün vəziyyəti indi necədir?
- Əvvəllər dərinliyi 6-7 metrə qədər olan Urmu gölündə indi dərinlik 1 metrdir. 2006-cı ildən əvvəl 30 milyard³ olan suyu azalaraq, bu gün 1 milyard³ olub. İran rejiminin bu məsələdə heç bir ciddi fəaliyyət göstərməməsi, eyni zamanda dünyadan gələn yardım təkliflərindən imtina etməsi, açıq bir şəkildə o deməkdir ki, İran özü bu gölün qurudulmasında maraqlıdır.
P.S. Qeyd edək ki, dünyanın ikinci və Orta Asiyanın da birinci ən böyük gölü olan Urmu gölü Türkiyə sərhəddindən 70 km uzaqlıqdadır.
Son 20 ildə İran rejiminin fəaliyyətləri nəticəsidə göl tamamilə quruyaraq, 90 faiz kiçilib. Göl quruduqdan sonra ərazidə yaranacaq duz partlaması, bölgədə yaşayan 15 milyon azərbaycanlının bölgəni tərk etməsi ilə nəticələnəcək. Bu isə, Çingiz Göytürkün də dediyi kimi, azərbaycanlıların İranın daxilində məskunlaşmasına və bir millət olaraq, zamanla məhv edilib, farslaşmasına səbəb olacaq. Problemin qarşısını almaq üçün nə idə edə bilərikmi? Əlbəttə ki, bizim əlimizdən sadəcə yazmaq gəlir və 20 ildir ki, bu mövzuda yazılır… Nəticə isə göz qabağındadır. Gölünü tamamilə məhv olması üçün bir il yetər…
İradə Cəlil, Bizimyol.info






