“Baku Steel Company” MMC - poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun özünün və yaxınlarının adına olan təxminən 70 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub. Onların arasında çoxsaylı evlər, torpaq sahələri, obyektlər var.
Bizimyol.info xəbər verir ki, üzərində həbs olan daşınmaz əmlaklardan biri də Bakıdakı özəl məktəblərdən biri - “Baku Oxford School”dur.
İki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesinə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova noyabrın 18-də məhkəmədə üzərində həbs olan əmlakları sadalayıb. Məsələn, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337 kvadrat metrlik, dəyəri 331 min manat olan yaşayış evi; elə həmin qəsəbədə dəyəri 223 min manat olan daha bir ev; Parlament prospektində qeyri-yayış sahəsi; Ziya Məmmədov prospektində 2600 kv.metr qeyri-yaşayış sahəsi; Sabunçu qəsəbəsində obyekt; Şüvəlan qəsəbəsində bağ evi; Azadlıq prospekti 54 ünvanında mənzil; Mərkəzi Univermağın yaxınlığında mənzil və s.
Üzərində həbs olan əmlaklardan bəhs edilərkən Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın həmtəsisçi olduğu Baku Oxford School-la bağlı sənədlər də elan olunub. Hakim bildirib ki, Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən məktəbin də üzərinə həbs qoyulub və məktəb 22 milyon 487 min 150 manat qiymətləndirilib.
Rasim Məmmədov isə deyib ki, məktəbin 50 faizi onlara, qalan 50 faizi isə başqa şəxsə məxsusdur. Lakin həmin şəxsin kimliyini açıqlamayıb.
Üzərinə həbs qoyulan əmlaklar arasında Rasim Məmmədovun özü, həyat yoldaşı Mehriban Məmmədova, qayınatasına məxsus əmlaklar var.
Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: “Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub. Yoldaşıma görə digər bacılarına çatası əmlakların da üzərinə həbs qoyulub”.
Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü, ikincisini isə 2009-cu ildə alıb. O bildirib ki, ikinci mənzilini Xalq artisti Aygün Kazımovadan alıb: “Həmin binada nazirdən tutmuş, müənniyə qədər çox adam yaşayırdı...”
Rasim Məmmədovun məhkəməsi noyabrın 21-də davam edəcək.
Rasim Məmmədov “Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.
Aytən, Bizimyol.info






