Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdəki icra başçısının xanımının əmlakları: villa, milyonluq bağ evi...
Həbsdəki icra başçısının xanımının əmlakları: villa, milyonluq bağ evi...

2004-2020-ci illər ərzində Göygöl, Samux və İmişli rayonlarının icra başçısı olmuş Vilyam Hacıyevin 12 il azadlıqdan məhrum edilməsi barədə hökmdən onun özündən başqa, həyat yoldaşı və oğlu da apellyasiya şikayəti verib. Onlar əmlaklarının müsadirə olunması hissəsində hökmün ləğvini tələb edirlər.

Bizimyol.info xəbər verir ki, Vilyam Hacıyevin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Vilyam Hacıyev hökmün qanunsuz və əsassız olduğunu bildirir, onun ləğvini istəyir. Hökmdəki əmlak müsadirəsi hissəsi onun ailə üzvlərinin maraqlarına toxunduğuna görə onlar da şikayət veriblər. Məsələ burasındadır ki, müsadirə olunan əmlakların böyük əksəriyyəti onun həyat yoldaşı Cülyetta İbrahimovanın adınadır. Həmçinin oğlu Məhəmməd Hacıyevin də mülkiyyətində olan bir avtomobilin müsadirəsinə qərar verilib.

Sabiq icra başçısının ailə üzvləri apelyasiya şikayətlərində həmin əmlakların üzərindən həbsin götürülməsini istəyiblər. Müsadirə qərarının isə əsassız olduğunu, onların mülkiyyət hüququnu pozduğunu vurğulayıblar.

Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 min manatlıq “Land Rover”in üzərindən həbsin götürülməsini tələb edir.

Cülyetta İbrahimovanın adına olan aşağıdakı əmlakların müsadirəsinə qərar verilib:

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (“milyonçular məhəlləsi”) yerləşən fərdi ev - 1 milyon 850 min manat;

Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil - 275 min manat;

Xırdalan şəhərində yerləşən mənzil - 67 min manat;

Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil - 86 min manat;

Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil - 74 min manat;

Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil - 65 min manat;

Nardaranda - Ləhiş bağları ərazisində bağ evi - 2 milyon 626 min manat;

“BMW X5” markalı avtomobil - 22 min manat;

“BMW 740-İ” markalı avtomobil - 33 min manat;

“Bentley Continental GT” markalı avtomobil - 118 min manat.

Məhəmməd Hacıyevin mülkiyyətində olan və Bakı Ağır Cinayətlər Məhkəməsinin müsadirə qərarı verdiyi “Land Rover” markalı avtomobil 126 min manat dəyərləndirilib.

65 yaşlı Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişli rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, tutularkən evində və iş otağında aparılan axtarış zamanı 1 milyondan çox avro, funt-sterlinq və başqa əskinaslarda vəsait tapılıb.

Vilyam Hacıyevə 2022-ci ilin iyulunda hökm oxunub və o, 12 il azadlıqdan məhrum edilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 311 (rüşvət alma) və başqa maddələrilə təqsirli bilinib.

Vilyam Hacıyev özünü təqsirli bilmir, məhkəmədə sifarişlə həbs edildiyini deyirdi.

Vilyam hacıyevin oğlu Məhəmməd Hacıyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müstəntiq işləyirdi. Atasının həbsindən sonra o, bu vəzifəsindən uzaqlaşdırıldı. Bir müddət sərəncamda qalan Məhəmməd Hacıyev sonradan bölgədə prokuror köməkçisi təyin edilsə də, 2020-ci ilin aprelində bu vəzifəsindən də uzaqlaşdırıldı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »