Bakı kəndlərində genişzolaqlı internet çəkilişlərinə başlanılıb. Nə qədər qəribə olsa da, bəzi yerlərdə internet çəkilişi zamanı, keçmişdən qalma elektrik dirəklərindən istifadə olunur. Bu əvvəllər sovet dövründə də belə olub. Hətta bu gün sovet dövründən qalma telefon qutularına baxanda adamın ürəyi ağrıyır. Bir dirəkdən onlarla xəttin keçməsi, xəttlərin bir-birinə dolaşması və s. bu kimi hallar müşahidə edilir. Hələ bir neçə il Bakı kəndlərinin sürətli internet arzusu reallaşmayacaq. Çünki bu gün XXI əsrdə fiber internet çəkilişində elektrik dirəklərindən istifadə edilməsi, xidmətlərin uzunömürlülüyünü sual altında qoyur.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info saytına açıqlamasında bildirib ki, dirəklərin dayanıqlı və müasir, naqillərin keyfiyyətli və standarta uyğun olması bu xidmətlərin gələcək üçün uzunömürlüyüyün əsası ola bilər. Ekspertin fikrincə, hazırda keyfiyyətli və dayanıqlı fiber optik kabellər var. Ancaq köhnə dirəklərlə internetin dayanıqlığından danışmaq düzgün olmaz.
Osman Gündüz“Hazırda regionlarda və Bakı ətrafı kəndlərdə Aztelekom və Baktelecom-un briqadaları işləyir. Rabitə Nazirliyi internet çəkilişini sürətləndirmək üçün gördüyü işlərdən biri də GPON xətlərin yerin altı ilə deyil, yerin üstü ilə xüsusi dəmir dirəklər vasitəsilə aparmasıdır”,- deyən ekspert hesab edir ki, nazirlik tərəfindən atılan addımlara əsasən 2 ilə, yəni 2023-cü ilə qədər bütün ölkədə keyfiyyətli internetə əlçatanlıq təmin oluna bilər.
İT mütəxəssisi Elgün Camalov Bizimyol.info saytına müsahibəsində bildirib ki, isə Bakının əksər kəndlərində internet yoxdur. Bura Nardaranın, Pirşağı, Kürdəxanı və s. qəsəbələrinin əksər hissələrini aid etmək olar. Bu ərazilərdə internet yalnız telefon çəkilişi ilə mümkün olur. Əksər ərazilərdə isə, xəttlər dolu olduğu üçün telefon və internet çəkilməsi mümkün olmur.
“Yəni bu gün əgər elektrik dirəkləri ilə fiber internet çəkməyə cəhd varsa da, bu artıq irəliləyişdir. Bakı bağları deyilən ərazilər var. Orada heç bir internet provayderləri tutmur. Dəfələrlə bununla bağlı müarciətlər olub. Əgər artıq internet çəkilişi başlayıbsa, bu çox təqdirəlayiq haldır.
Düşünün, vətəndaş Bakıda yaşayır, internetə əlçatanlığı yoxdur. Bu, çox acınacaqlı hal idi”,- deyən ekspert bildirib ki, dirəkləri gələcəkdə yenisi ilə əvəz etmək mümkündür. Əsas, internet xəttlərinin çəkilişidir. Bu olduqdan sonra bütün problemlər zamanla həllini tapacaq.
Yəqin ki, çox keçməz Bakı kəndlərinin əhalisi də yüksək sürətli inernetdən istifadə edə bilər. Bakının mərkəzində belə istifadəçilər hər zaman internetin zəifliyindən şikayət ediblər. Görək, qəsəbə və kəndlərdə vəziyyət necə olacaq.
Həyatın rəqəmsallaşdığı bir dünyada internetə əlçatanlığın olmaması həqiqətən acınacaqlı haldır.
İlahin, Bizimyol.info






