ABŞ hakimiyyəti iddia edir ki, Rusiya, İran və Çinin maraqları naminə fəaliyyət göstərən hakerlər 2016-cı ildən etibarən dəfələrlə ABŞ seçicilərinə aid məlumat bazalarına icazəsiz giriş əldə etməyə cəhd ediblər.
Bu iddialar ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) cümə axşamı dərc etdiyi hesabatda yer alıb.
Hesabatda bildirilir ki, 2016-cı ildə Rusiya ilə əlaqələndirilən hakerlər ABŞ-nin bütün 50 ştatında seçicilərin qeydiyyat bazalarındakı zəiflikləri araşdırıb və təxminən 500 min seçiciyə dair məlumatları ələ keçiriblər.
Sənəddə həmçinin qeyd olunur ki, 2022-ci ildə Rusiyayönlü haktivistlər ABŞ ştatlarından birinin seçki komissiyasına qarşı DDoS hücumu həyata keçirdiklərini bəyan ediblər.
Hesabata əsasən, 2020-ci ildə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri seçicilərin qeydiyyatı ilə bağlı məlumatları əldə etmək məqsədilə internet saytlarındakı boşluqlardan istifadə etməyə cəhd göstəriblər.
Bundan əlavə, sənəddə iddia olunur ki, Çin 2020-ci il prezident seçkiləri ərəfəsində bir neçə ştatın seçici qeydiyyatı sistemlərini sındırıb.
Qeyd olunur ki, bu, ABŞ hakimiyyətinin seçki sistemlərində baş verən pozuntulara görə məsuliyyəti Rusiya, İran və Çinin üzərinə qoymağa çalışdığı ilk hal deyil.
Moskva dəfələrlə bəyan edib ki, ABŞ-də keçirilən seçkiləri həmin ölkənin daxili işi hesab edir və Rusiyanın ABŞ seçkilərinə təsir göstərməyə çalışdığı barədə ittihamları əsassız sayır. İran rəsmiləri də əvvəllər ABŞ seçkilərinə müdaxilədə maraqlı olmadıqlarını bildiriblər. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Lü Çan isə iyulun 16-da mətbuata açıqlamasında Pekinin hər zaman digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qaldığını vurğulayıb.
Bizimyol.info






