ABŞ və İran arasında yenidən alovlanan hərbi gərginlik qlobal enerji bazarlarında narahatlığı artıraraq neft qiymətlərini ardıcıl dördüncü gün yüksəldib.
İnvestorlar xüsusilə dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi Hörmüz boğazında mümkün fasilələrin yaranacağından ehtiyat edirlər. Analitiklər hesab edirlər ki, qarşıdurma dərinləşərsə, Brent markalı neftin qiyməti daha da yüksələ və enerji bazarlarında yeni inflyasiya dalğası yarana bilər.
- Neft qiymətlərinin geosiyasi böhranlardan bu qədər asılı qalması dünya iqtisadiyyatının enerji təhlükəsizliyi modelinin hələ də kifayət qədər dayanıqlı olmadığını göstərirmi?
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, neft qiymətlərinin ABŞ–İran gərginliyinə bu qədər həssas reaksiya verməsi göstərir ki, dünya iqtisadiyyatı enerji keçidi barədə çox danışsa da, hələ də karbohidrogenlərdən ciddi şəkildə asılıdır. Bərpa olunan enerji mənbələrinin payı artsa da, qlobal sənaye, nəqliyyat, aviasiya və dəniz daşımaları neftdən tam imtina edə bilməyib. Bu səbəbdən də geosiyasi risklər qiymətlərə dərhal təsir göstərir:
“Hörmüz boğazı dünya enerji sisteminin ən kritik nöqtələrindən biridir. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən beşdə biri bu marşrutdan keçir. Burada yaranacaq istənilən hərbi və ya logistika problemi təkcə neft bazarına deyil, mayeləşdirilmiş təbii qaz bazarına, dəniz daşımalarına, sığorta tariflərinə və qlobal təchizat zəncirlərinə də təsir göstərəcək.”
İqtisadçının fikrincə, əgər gərginlik uzunmüddətli xarakter alarsa və Hörmüz boğazında yükdaşımalar məhdudlaşarsa, 2022-ci ildəkindən fərqli olaraq, təsirlər daha geniş miqyaslı ola bilər. Çünki bu dəfə risk təkcə enerji qiymətlərinin artması ilə məhdudlaşmır. Dəniz daşımalarının bahalaşması, logistika xərclərinin yüksəlməsi, sığorta haqlarının artması və təchizat zəncirlərinin pozulması qlobal inflyasiyanı yenidən sürətləndirə bilər.
Bu isə dünya mərkəzi banklarını çətin seçim qarşısında qoya bilər.
Bir tərəfdən inflyasiya ilə mübarizə aparmaq üçün yüksək faiz dərəcələrini saxlamaq məcburiyyəti yaranacaq, digər tərəfdən isə iqtisadi artım zəifləyəcək. Nəticədə həm biznes, həm də istehlakçılar üçün maliyyələşmə daha bahalı olacaq.
“Azərbaycan üçün vəziyyətin iki tərəfi var. Qısamüddətli dövrdə neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsinin gəlirlərini və ixrac daxilolmalarını artıra bilər. Lakin uzunmüddətli perspektivdə qlobal inflyasiyanın güclənməsi, idxal məhsullarının bahalaşması və beynəlxalq bazarlarda iqtisadi aktivliyin zəifləməsi qeyri-neft sektoruna və daxili qiymətlərə mənfi təsir göstərə bilər”, – deyə o vurğulayıb.
Asif İbrahimov bildirib ki, bu hadisələr bir daha göstərir ki, enerji təhlükəsizliyi yalnız yeni neft yataqları demək deyil. Əsl enerji təhlükəsizliyi enerji mənbələrinin, nəqliyyat marşrutlarının və təchizat zəncirlərinin şaxələndirilməsidir.
Dünya iqtisadiyyatı bu istiqamətdə müəyyən irəliləyiş əldə etsə də, mövcud hadisələr sübut edir ki, hələ də bir neçə strateji boğaz və geosiyasi risk qlobal bazarların taleyini müəyyən edə bilir.
İradə Cəlil, Bizimyol.info






