ABŞ prezidenti postunda hazırkı vitse-prezident Ceyms Devid Vens olsaydı, ölkə İranla müharibəyə başlamazdı.
Bizimyol.info xəbər verir ki, bu fikri amerikalı jurnalist Taker Karlson bildirib.
“Əgər Vens prezident olsaydı, biz İranla müharibə vəziyyətində olmazdıq. Təsəvvür edə bilmirəm ki, Vens çıxıb desin: xəyali nüvə proqramını məğlub etmək üçün müharibəyə başlamalıyıq. Bu, həddindən artıq dəlisov fikirdir. O, belə bir söz demək üçün özünə həddən artıq hörmət edir. Düşünmürəm ki, o, buna inanır”, – deyə Karlson "Bloomberg" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Vensin rəhbərliyi dövründə Respublikaçılar Partiyası seçicilərinin mövqeyinə daha yaxın olardı, lakin hazırda o, prezident deyil.
Vensin növbəti prezident seçkilərində qalib gəlmək ehtimalı ilə bağlı suala cavab verən Karlson: “Görək. Mən onun 2024-cü ildə prezident seçilməsini istəyərdim, amma bu baş vermədi”, - deyə bildirib.
Vens, eləcə də ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından mümkün namizədlər sırasında göstərilir. ABŞ mediasının məlumatına görə, Vens Donald Trampın İranla müharibəyə tənqidi yanaşan azsaylı tərəfdarlarından biri olub.
Karlson uzun müddət Trampın yaxın müttəfiqi olub və Respublikaçılar Partiyasını dəstəkləyib. ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra isə o, Ağ Evə qarşı sərt tənqidlər səsləndirməyə başlayıb.
Jurnalist, agentliyə müsahibəsində Trampı “ABŞ-a qarşı tamamilə sədaqətsiz” olmaqda ittiham edib.
Bizimyol.info






