Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayevə hökm oxundu: “Paşinyanla görüşmək üçün gürcü olduğumu dedim”
Ata Abdullayevə hökm oxundu: “Paşinyanla görüşmək üçün gürcü olduğumu dedim”

Özünü video-bloger kimi təqdim edən, müxtəlif adamlardan şantajla pul tələb etməyə görə həbs olunan Ata Abdullayevin məhkəməsi yekunlaşıb. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl Ata Abdullayev son sözünü deyib, vəkili çıxış edib.

Vəkil Telman Talıbov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamların əsassız olduğunu, ortaya heç bir sübut qoyulmadığını bildirib. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir. Zərərçəkmiş qismində tanınan şəxslər Ata Abdullayevin onlar haqqında video yayıb, pul tələb etdiyini bildirirlər, lakin bunu təsdiqləyən heç bir sübut ortaya qoymurlar: “Bu şəkildə hamı çox rahat şəkildə başqasını şərləyə bilər. Mən də dey bilərəm ki, kimsə məndən pul tələb etdi. Bəs sübut hanı? Zərərçəkmişlərdən biri keçmiş MTN əməkdaşıdır. O ki, əməliyyatlarda istifadə olunan qurğular, üsullar barədə məlumatlıdır. Bəs niyə Ata Abdullayev ondan pul tələb edəndə səsini yazmayıb?”

Vəkil onu da bildirib ki, zərərçəkmiş qismində tanınan şəxslərin dördünün də aylar sonra Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayətçi olması suallar yaradır: “Axı polis, prokurorluq vətəndaş üçün daha əlçatandır, niyə DTX-ya şikayət elədilər, həm də aylar sonra?”

Ata Abdullayev son sözünü deyərkən dəfələrlə ağlayıb.O bildirib ki, bu cinayət işində zərərçəkmiş qismində tanınan 4 nəfərin heç birindən nə pul tələb edib, nə də pul alıb. Onun sözlərinə görə, başqa nə səhvə yol verdiyini bilir və buna görə dəfələrlə üzr istəyib. Bundan sonra 100 dəfə də üzr istəməyə hazırdır:

“Kiminsə sözünü kəsmişəmsə, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam. Mənim üç babam var, iki atam. Heydər Əliyev mənim babam, cənab prezident isə mənəvi atamdır”.

O bildirib ki, 2001-ci ildə ulu öndər Heydər Əliyevlə, 2019-cu ildə isə Vyanada Prezident İlham Əliyevlə görüşə bilib. Ata Abdullayevin sözlərinə görə, prezidenti Vyanadan əvvəl də bir neçə dəfə görmüşdü. Bunlardan biri 90-cı illərdə “Neftçi” futbol klubunun bazasında, ikincisi də İmişlidə şəkər zavodunun açılışında olub: “O zaman mənim 13-14 yaşım vardı, cənab prezidenti onda Heydər Babanın oğlu kimi tanıyırdım. Gəlib orada futbol oynayırdı. Mən də çay aparırdıb. Mən özüm də futbolçu olmuşam, Şahin Diniyevin vaxtında “Qarabağ”da oynamışam. Düzdür, əsas heyətdə deyildim, amma 24-lükdə var idim. “Şahdağ”da oynamışam. İkinci dəfə cənab prezident İmişliyə zavodun açılışa gəlirdi, orada gördüm. Gəlməmişdən iki saat əvvəl dedilər ki, avtobusun üstündə olan reklam sökülməlidir. Bu dırnaqlarımda sökdüm onu. Sonra prezident hara gedirdisə, mən də bilet alıb gedirdim. Cənab prezident demirdi ki, “Ata, arxamca gəl, məni aparan ona olan sevgi idi. Mən o ölkələrə gedəndə özümlə pal-paltar aparmırdım. Hava limanında əşyalarımı yoxlayanlar da təəccüblənirdi. Mən corabımı axşam yuyub, səhər geyinirdim. Amma əvəzində cənab prezidentlə Mehriban xanımın şəkillərini aparırdım. Həmin şəhərlərdə hər yerdə nümayiş etdirirdim. Mən dünyanın xoşbəxt adamıyam ki, 2019-cu ildə Vyanada görüşə bildim, əlini çiynimə qoydu. Mənə də o dəmir yumruğu öpüb gözümün üstünə qoymaq qismət oldu”.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanla Milanda necə görüşməsi barədə də ətraflı danışıb. Deyir ki, Paşinyanın kilsəyə gələcəyini öyrənəndən sonra bir azərbaycanlı tələbə ilə ora gedib, gözətçiyə özünü gürcü jurnalist kimi təqdim edib. Məüyyən qədər gözləyəndən sonra bir neçə nəfər qadına qoşulub, kilsəyə daxil olub. Orada sual verəndə azərbaycanlı olduğunu biliblər.

Ata Abdullayev narazılıq edib ki, vaxtilə Heydər Əliyev və İlham Əliyevin ünvanına xoşagəlməz fikirlər səsləndirənlər hazırda hökumət tədbirlərində iştirak edir, mükafatlandırılır, o isə həbsdədir: “Vaxtilə Heydər Əliyevi, İlham Əliyevi təhqir edənləri hökumət tədbirlərində görürəm, məyus oluram. Onların 100 sifəti var. Mənim isə bir üzüm var, Heydər Əliyev ideologiyasıyla yaşayan adamam. Mən bu gün aldığım nəfəsə görə də göydə Allaha, yerdə cənab prezidentə, Mehriban xanıma borcluyam”.

Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. O, CM-in 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

Abdullayev 2004-cü ildə hərbi xidmətdən yayınma, 2014-cü ildə isə online oğurluğa görə məhkum edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »