NATO-nun Ankarada keçiriləcək sammiti ərəfəsində Ukrayna müttəfiqləri yekun bəyannamədə ölkənin Avroatlantik təhlükəsizlik sistemində yeni rolunun əks olunmasına çağırıb. Kiyev hesab edir ki, Ukrayna artıq təkcə Alyansdan yardım alan tərəf deyil, həm də NATO üzvü olan ölkələrin təhlükəsizliyinə töhfə verən dövlətdir.
Bizimyol.info xəbər verir ki, "Deutsche Welle"nin məlumatına görə, bunu iyulun 2-də Brüsseldə keçirilən qapalı brifinqdə Ukraynanın NATO yanında missiyasının rəhbəri Alona Qetmançuk bildirib.
"Bizim üçün siyasi baxımdan Ukraynanın yalnız yardım alan tərəf deyil, təhlükəsizliyə töhfə verən ölkə kimi tanınması çox vacibdir", – deyə diplomat vurğulayıb.
Qetmançukun sözlərinə görə, Ankaradakı sammit Ukraynanın artıq "yeni statusda" tamhüquqlu iştirak edəcəyi ilk NATO sammiti olacaq. Bu səbəbdən Kiyev yekun bəyannamədə bu yeni reallığın öz əksini tapmasını istəyir.
Diplomat qeyd edib ki, son illərdə Ukrayna ilə NATO arasında əməkdaşlığın xarakteri əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər münasibətlərin əsasını Qərbin Kiyevə göstərdiyi hərbi yardım təşkil edirdisə, indi Ukraynanın NATO ilə praktiki inteqrasiyası və Alyansın təhlükəsizliyinə verdiyi töhfə ön plana çıxır.
Qetmançuk həmçinin Ukraynanın müdafiə sənayesinə NATO müttəfiqlərinin uzunmüddətli dəstəyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Kiyevin hazırda yalnız silah tədarükünə deyil, həm də müdafiə-sənaye kompleksinin orta və uzunmüddətli fəaliyyətini planlaşdırmağa imkan verəcək sabit maliyyə öhdəliklərinə ehtiyacı var.
Daha əvvəl bildirilib ki, iyulun 7–8-də Türkiyədə keçiriləcək NATO sammitində müttəfiqlər silah tədarükü və Ukraynaya yardım üçün 70 milyard avro ayırmağı planlaşdırırlar. Məlumata görə, ABŞ bu maliyyə paketində iştirak etməyəcək. Sammitdə, həmçinin, Alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqliyinin bir daha təsdiqlənməsi və Rusiyanın uzunmüddətli təhlükə kimi qiymətləndirilməsi gözlənilir.
Bununla yanaşı, Slovakiyanın Baş naziri Robert Fitso sammit ərəfəsində Ukraynaya yeni maliyyə və hərbi yardımın göstərilməsinə qarşı çıxdığını bəyan edib. O bildirib ki, Slovakiya nümayəndə heyəti Ankaraya bu cür qərarları dəstəkləmək səlahiyyəti olmadan yollanacaq.
Bizimyol.info






