Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Ermənistan münasibətləri: "Rusiyada bəzi dairələr Ermənistanın əldən çıxacağından qorxurlar"
Türkiyə-Ermənistan münasibətləri: "Rusiyada bəzi dairələr Ermənistanın əldən çıxacağından qorxurlar"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında ölkəsi ilə Ermənistan arasında münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını bəyan edib. Bu addımlar sırasında ilk olaraq xüsusi nümayəndəliklərin təyin ediləcəyini söyləyən nazir İstanbuldan İrəvana çarter təyyarə uçuşlarının həyata keçiriləcəyi barədə də məlumat verdi.

Bu məsələ ilə bağlı münasibətini açıqlayan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə diplomatiyasının bu sahədə mühüm addımlar atdığını diqqətə çatdırdı: "Bu addım Ermənistana təzyiq vasitəsi kimi qiymətləndirilir. Bununla da iqtisadi və digər sahələrdə Türkiyədən asılı vəziyyətə düşür. Bu məsələnin ortaya atılması, bölgədə baş verən və ortaya çıxan siyasi və digər proseslərin inkişafı ilə əlaqədardır. Həm Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı, həm də Türkiyə ilə bu ölkə arasında qaranlıq qalan bir neçə məsələ var ki, onlar öz həllini tapmalıdır. Bu da, normal bir diplomatik gedişdir".

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

Deyilənlərdən belə bir sual yaranır:

  • Tərəflər arasında münasibətlərin yenidən bərpası hansı proseslərin nəticəsidir?
  • Bu məsələnin yenidən qabardılmasının səbəbi nədir?

Sabiq nazirin sözlərinə görə, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları, qondarma soyqırımı, Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələrinin aradan qaldırılması məsələləri hələ də öz həllini tapmayıb: "Hamı bilir ki, İrəvan Ankara ilə gərgin münasibətləri yenidən bərpa etməyə çalışır. İstəyir ki, yollar açılsın, iqtisadi və digər sahələrdə əlaqələr yenidən qurulsun və s. Artıq müəyyən dairələrdə bu mövzular müzakirə olunur".

Bu müzakirələrin başlanmasını bir neçə gün əvvəl "3+3' platforması çərçivəsində keçirilən müzakirələrin məntiqi nəticəsi kimi qəbul etmək olarmı?

Bu sualı təsdiq edən Tofiq Zülfüqarov bildirdi ki, bu platformanın əsas mərhələsi, bölgədə kommunikasiya xətlərinin bərpası ilə bağlıdır: "Bundan sonraki mərhələ iqtisadi əməkdaşlığın qurulması və inkişafı ilə bağlıdır. Şuşa bəyannaməsinə nəzər salsaq, görərik ki, sənəddə əməkdaşlıq və tərəfdaşlığın inkişafı prosesi ilə yanaşı, müsbət çağırışlar da mövcuddur. Tez-tez Azərbaycan və Türkiyə prezidentləri tərəfindən sülhün bölgə ölkələri, xüsusilə də Ermənistan üçün cəlbedici olması və gələcək üçün prespektivlər vəd verməsi barədə fikirlər səsləndirilir. Hesab edirəm ki, bu çağırışlar gələcəkdə bölgədə vəziyyətin normallaşmasına səbəb olacaq. Bu gün Ermənistanda bu prosesin çox ağır getdiyini görürük".

Bu gün heç bir gücü qalmayan, Azərbaycanla 44 günlük müharibədə tam məğlubiyyətə uğrayan və Rusiyadan bütün sahələrdə asılı vəziyyətdə qalan bir dövlətlə bağlı Türkiyənin hansı marağı ola bilər? Ümumiyyətlə, bu məsələ bəzi siyasi dairələri düşündürməyə başlayıb. Bununla bağlı, həmin dairələrdə və cəmiyyətdə çoxlu sualların ortaya çıxmasına səbəb olur...

Bu gün bölgədə Türkiyə və Azərbaycan tandeminin güclü olduğunu söyləyən Tofiq Zülfüqarov, digər tərəfdən Rusiyanın da maraqlı olduğunu qeyd etdi: "30 illik Qarabağ münaqişəsi, bu ölkənin də nüfuzunun güclənməsinin qarşısını müəyyən qədər aldı. Moskvada bunun yanlış siyasət olduğunu başa düşürlər. Çünki, Rusiyanı həm Ermənistandan, həm də Azərbaycandan qəti şəkildə uzaqlaşdırır. Bu baxımdan təzə modelin formalaşmasının prespektivləri çoxdur. Hamı başa düşür ki, artıq köhnə modellərdən imtina etməyin vaxtı çatıb. Yeni modelin tətbiq olunması üçün güc amili yetərincə deyil. "Yumşaq güc" deyilən siyasət həyata keçirilməlidir. Mövlud Çavuşoğlunun dünənki açıqlaması göstərdi ki, Türkiyə yumşaq gücü nümayiş etdirir".

Bütün söylənilənlərdən yeni bir sual yaranır:

  • Rusiya bu münasibətlərin qurulması prosesinin hansı tərəfində dayanıb?
  • Bu məsələdə hansısa rola malikdir, yoxsa kənarda saxlanılıb?

Hazırda yeni mərhələyə start verildiyini qeyd edən müsahibimizin sözlərinə görə, indiki Rusiya-Türkiyə münasibətləri bir çox məqamları ortaya çıxarır: "Aydın olur ki, diplomatik danışıqlar yolu ilə sülhün bərqərar olması daha əlverişlidir. Artıq bir neçə ildir ki, bu təcrübə tətbiq olunur. Hesab edirəm ki, Qarabağ məsələsində baş verən dəyişikliklər qismən də olsa, bu məsələ ilə bağlıdır.

Son dövrlərdə Ermənistanın Rusiyanın forpostu olmasından uzaqlaşması ila bağlı rolu dəyişməkdədir. Rusiyanın sağlam düşüncəli siyasi dairələri də bu forpostun heç bir şeyə yaramadığını düşünməyə başlayıblar. Bu baxımdan da, Türkiyə-Ermənistan münasibətlərinin bərpası məsələsi, Rusiya siyasətçiləri üçün yeni baxış ola bilər. Bəzi dairələri isə Ermənistanın əldən çıxacağından qorxuya düşürlər. Əslində Rusiyanın əsas marağı kommunikasiya xətlərinin açılması, Şimal-Cənub dəhlizinin Zəngəzur hissəsinun işlək vəziyyətə gətirilməsi, maliyyə və digər resurslardan istifadə olunması kimi məsələlərlə bağlı ola bilər".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »