Macarıstan çərşənbə günü keçirilən texniki iclas zamanı Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarında növbəti prosedur mərhələlərin irəliləməsinə mane olub. Bu səbəbdən hər iki ölkə daxili bazar və rəqabət qabiliyyəti sahəsində islahatlarla bağlı rəsmi müzakirələrə başlaya bilməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə diplomatlara və rəsmi şəxslərə istinadən "Euractiv" portalı məlumat yayıb.
Məlumata görə, danışıqlarda irəliləyiş əldə olunmasa, proses sentyabrın 1-dək dayanmış olacaq. Növbəti texniki iclasın məhz həmin tarixdə keçirilməsi planlaşdırılır.
Avropa Komissiyası iyun ayında Ukrayna və Moldova ilə Aİ-nin əsas dəyərləri üzrə klaster (istiqamətlər paketi) çərçivəsində danışıqlara başlayarkən, iyul ayında digər bütün klasterlər üzrə məsləhətləşmələrə keçmək niyyətində olduğunu açıqlamışdı.
Aİ-yə üzvlük danışıqları 33 bölməyə (fəsilə) ayrılır və bu bölmələr öz növbəsində altı əsas klasterdə qruplaşdırılır. Danışıqların başlanması hər hansı konkret müddət müəyyən etmir və ölkənin Aİ-yə qəbul olunacağına zəmanət vermir.
Məsələn, 2027-ci ildə Aİ-yə qoşula biləcəyi ehtimal edilən Monteneqro artıq 14 ildir ki, üzvlük danışıqları aparır. Aİ-yə daxil olmaq perspektivi olmayan Türkiyə isə formal olaraq namizəd ölkə statusunu qoruyur və təxminən 21 ildir ki, üzvlüklə bağlı danışıqlar prosesində iştirak edir.
Bizimyol.info






