Qazaxıstanın paytaxtı Astanada ilk dəfə pilotsuz aerotaksinin nümayiş uçuşu həyata keçirilib.
Bizimyol.info xəbər verir ki, "AutoFlight Prosperity" modelinin uçuşunu Qazaxıstanın "Alatau Advance Air Group" şirkəti və Çinin "AutoFlight" şirkəti təşkil edib.
Uçuş və eniş "Kazanat" hipodromunda şaquli şəkildə həyata keçirilib. 10 dəqiqə davam edən sınaq zamanı aparat 2,4 kilometr məsafə qət edib və iki dövrə vurub.
Təhlükəsizlik səbəbindən kabinədə heç kim olmayıb. Aerotaksi əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə avtomatik idarə olunub.
"AutoFlight Prosperity" modeli iyulun 29–30-da Astanada keçiriləcək "Gələcəyin Oyunları" tədbirində nümayiş etdiriləcək. Aparat bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. 13 elektrik mühərriki ilə təchiz olunan aerotaksi saatda 200 kilometrədək sürət yığa və bir dəfə enerji yükləməsi ilə 200 kilometrə qədər məsafə qət edə bilir.
Qazaxıstanda ilk aerotaksi uçuşu mayın 19-da Alatau şəhərində yerləşən Alatau City ərazisində keçirilib. Burada şəhər hava mobilliyi (Urban Air Mobility) üçün xüsusi zona və eksperimental hüquqi rejim yaradılıb.
Bizimyol.info






