1923-cü ildə imzalanan Lozanna Müqaviləsi Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasını təmin edən və Osmanlı İmperiyasından sonra yeni dövlətin suverenlik çərçivəsini müəyyən edən ən mühüm diplomatik sənədlərdən biridir. Müqavilə ilə Türkiyənin böyük ölçüdə bugünkü sərhədləri qəbul edilib, kapitulyasiyalar ləğv olunub və yeni dövlətin müstəqilliyi beynəlxalq hüquq baxımından təminat altına alınıb.
Lozanna Müqaviləsi üzərindən 100 ildən artıq müddət keçməsinə baxmayaraq, Türkiyənin xarici siyasət anlayışını və regional rolunu formalaşdıran əsas sənədlərdən biri olmağa davam edirmi?
- Lozanna Müqaviləsi Türkiyənin suverenliyini gücləndirən tarixi nailiyyət kimi qiymətləndirilsə də, bu gün də müzakirə olunan və ya yenidən şərh edilən məsələlər hansılardır?
- Yaxın Şərq və Şərqi Aralıq dənizində dəyişən geosiyasi balans fonunda Lozanna Müqaviləsinin irsi Türkiyənin gələcək xarici siyasət addımlarına necə təsir göstərə bilər?
Erzincan Binali Yıldırım Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dekanı Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Lozanna Müqaviləsi Türkiyə Cümhuriyyətinin tapu sənədidir. Bu müqavilə ilə bütün dövlətlər Türkiyə Cümhuriyyətinin mövcudluğunu qəbul edib və imzalayıb.
Onun sözlərinə görə, Lozanna Müqaviləsinin Türkiyə baxımından həm siyasi, həm də iqtisadi təsirləri olub.
"Siyasi baxımdan bütün dünya Türkiyə Cümhuriyyətini təsdiqləyib. Bundan əlavə, bu müqavilə ilə Türkiyə Cümhuriyyətində azlıq olaraq yalnız qeyri-müsəlmanların olduğu qəbul edilib. Həm azlıqların, həm də digər bütün insanların Konstitusiya qarşısında bərabər vətəndaş olduğu təminat altına alınıb.
İqtisadi baxımdan isə bu müqavilənin Türkiyəyə təsiri əhali mübadiləsi ilə olub. Müqavilə çərçivəsində 1 milyon 260 min rum Yunanıstana gedib, 400 min müsəlman türk isə Yunanıstandan Türkiyəyə gəlib. Lakin gedənlərin böyük əksəriyyəti tacir, sənətkar və peşəkar kimi yetişmiş təbəqə, gələnlərin isə hamısı fermer olub. Türkiyənin həmin dövrdəki əhalisinin təxminən 13 milyon 700 min nəfər olduğu nəzərə alındıqda, gedən 1 milyon 260 min ixtisaslı insanın Türkiyə iqtisadiyyatına mənfi təsirləri olub. Lakin bu çatışmazlıqlar Mustafa Kamal Atatürkün həyata keçirdiyi düzgün siyasət sayəsində qısa müddətdə aradan qaldırılıb", – deyə o bildirib.
Karabulut qeyd edib ki, Lozanna Müqaviləsi keçmişdə, bu gün və gələcəkdə Türkiyənin xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir. "Bu səbəbdən, bu müqavilə gələcəkdə də Türkiyəyə faydalar verməyə davam edəcək", – deyə o vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






