Polşa ABŞ-a Ukrayna ilə birgə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını yaratmağı və bu istehsalı Polşa ərazisində yerləşdirməyi təklif edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka Vaşinqtona səfəri zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Varşavanın təklifi ABŞ tərəfinin müəyyən narahatlıqlarını nəzərə almağa yönəlib. O qeyd edib ki, söhbət ABŞ, Ukrayna və Polşa arasında üçtərəfli əməkdaşlıqdan gedir.
"Bu, istehsalın təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etmək üçündür. Bu məhsula faktiki olaraq bütün dünyada ehtiyac var. Buna görə də belə bir birgə istehsalda iştirak etməyi təklif edirik", – deyə Sobkovyak-Çarneçka bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ, Ukrayna və Polşa arasında danışıqlar davam etdiriləcək.
Polşa rəsmisi həmçinin ABŞ tərəfinə ölkədə “Patriot” sistemləri üçün servis mərkəzinin yaradılmasının vacibliyi ilə bağlı arqumentlər təqdim etdiyini bildirib. "Vaşinqton yaxşı anlayır ki, müdafiə sənayesinin inkişafındakı son nailiyyətlərimiz, eləcə də coğrafi və geosiyasi mövqeyimiz belə bir qərarın qəbuluna kömək edə bilər", – deyə o vurğulayıb.
Bundan əvvəl ABŞ-ın “Raytheon” şirkəti Ukraynada “Patriot” raketlərinin istehsalı üçün lisenziyalarla bağlı danışıqlar aparıldığını təsdiqləyib. Şirkət bildirib ki, istehsal zəncirinə müxtəlif səviyyələrdə qoşulmaq mümkündür: ayrı-ayrı komponentlərin hazırlanmasından tutmuş son montaj və texniki xidmətə qədər.
ABŞ-ın “Lockheed Martin” şirkəti də Ukraynada “Patriot” raketlərinin istehsalı ideyası ilə bağlı ABŞ hökuməti ilə müzakirələrin davam etdiyini açıqlayıb. Şirkətin nümayəndələri layihənin həyata keçirilməsi üçün müxtəlif variantların qiymətləndirildiyini qeyd ediblər.
Bizimyol.info






