Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Çox sayda insanın həyatı məhz belə münasibətlərdən asılıdır"
Zelenski: "Çox sayda insanın həyatı məhz belə münasibətlərdən asılıdır"

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərində əsas dönüş nöqtəsinin 2025-ci ilin aprelində Vatikanda keçirilən qısa şəxsi görüş olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə Trampın yaxın tərəfdarı olan amerikalı bloqer Laura Lumerə müsahibəsində danışıb.

Qeyd olunur ki, həmin söhbətin bir hissəsini Tramp özü "Truth Social" platformasında yayımlayıb.

Müsahibə zamanı jurnalist 2025-ci ildə Ağ Evdə keçirilən görüşdə yaşanan gərginliyi xatırladıb. Həmin vaxt ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens müharibənin başa çatdırılması üçün Trampın diplomatik yanaşmasına şans verilməsini təklif etmiş, Zelenski isə Rusiya ilə 2014-cü ildən aparılan diplomatiyanın nəticə vermədiyini bildirmişdi.

Lumer Zelenskidən iki lider arasında münasibətlərin necə dəyişdiyini soruşub. "Tamamilə doğrudur. Bizim ilk dönüş nöqtəmiz Romada, Vatikanda oldu. Bu, qısa görüş idi, amma mən həmişə demişəm ki, fikrimcə, bu, tarixi məqam idi. Çünki 15–20 dəqiqə ərzində münasibətlərimizi dəyişdik", – deyə Ukrayna lideri bildirib.

Zelenski vurğulayıb ki, görüş zamanı onların yanında heç kim olmayıb və söhbət yalnız iki lider arasında baş tutub. O, danışığın detalları barədə məlumat verməyib, lakin liderlər arasında etibarlı dialoqun böyük əhəmiyyət daşıdığını qeyd edib. "Çox xoşbəxtəm, çünki çox sayda insanın həyatı məhz belə münasibətlərdən və belə dialoqdan asılıdır", – deyə Zelenski bildirib.

Məlumata görə, Ukrayna Prezidenti iyulun 28-də ABŞ-a səfər edərək senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək və Donald Trampla şəxsi görüş keçirəcək.

Bundan əvvəl Tramp Ukraynadakı müharibənin nə vaxt başa çata biləcəyi ilə bağlı açıqlama verərək, Rusiya Prezidenti Vladimir Putinə daim eyni mesajı çatdırdığını bildirib: "Vladimir, dayanmağın vaxtıdır. Bu müharibəyə son qoymağın vaxtıdır", - deyə bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »