İran Silahlı Qüvvələri ABŞ-ın Bəhreyndəki Şeyx-İsa və İordaniyadakı Əl-Əzraq hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, İran PUA-ları Bəhreyndə yerləşən Şeyx-İsa bazasında yanacaq anbarlarını, anbar komplekslərini, texnikanın saxlanıldığı iri anqarları və ABŞ hərbçilərinin yerləşdiyi əraziləri hədəfə alıb.
Bildirilib ki, əməliyyat çərçivəsində İordaniyadakı Əl-Əzraq bazasında da təyyarələrin təmiri və texniki xidməti üçün nəzərdə tutulan anqarlara, eləcə də ABŞ hərbçilərinin yerləşdiyi məntəqələrə PUA zərbələri endirilib.
Ötən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə qarşı yeni zərbələr həyata keçirməyə başladıqları barədə məlumat vürmişdilər.
Komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ qüvvələri Şərq sahili vaxtı ilə saat 18:45-də (01:45) İranın hərbi obyektlərinə qarşı yeni zərbələr endirməyə başlayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Bizimyol.info






