Rusiya müharibənin dayandırılması ilə bağlı mümkün razılaşma çərçivəsində Ukraynanın bəzi işğal olunmuş ərazilərini geri qaytarmağa artıq hazır deyil və həmin əraziləri təhlükəsizlik bufer zonası kimi saxlamağı planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin əvvəlki kimi Donetsk vilayətinə tam nəzarəti hərbi yolla ələ keçirmək niyyətindədir. Eyni zamanda, Sumı və Xarkov vilayətlərinin nəzarət altında saxlanılan hissələrinin də bufer zona kimi qorunması planlaşdırılır.
Mənbələrin sözlərinə görə, Putin ərazi güzəştlərindən imtina edib. Buna səbəb kimi isə ABŞ-dan səslənən daha sərt bəyanatların, Alyaskada ABŞ Prezidenti Donald Trampla keçirilən görüş zamanı əldə olunduğu iddia edilən qeyri-rəsmi razılaşmaların artıq qüvvədən düşdüyünə Moskvanın inanması göstərilir.
Agentlik yazır ki, Vaşinqton ötən ilin avqustunda Alyaskada keçirilən sammitdə müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın əldə olunmadığını bəyan etsə də, Kreml nümayəndələri Putin və Tramp arasında "Ankoric ruhunda razılaşma" adlandırdıqları öhdəliklər paketinin mövcud olduğunu iddia ediblər.
Həmin iddiaya görə, Ukraynanın Donetsk vilayətinin şərqindəki ərazilərdən imtina etməsi müqabilində Rusiyanın Sumı vilayətinin şimalı və Xarkov vilayətinin şimal-şərqində işğal etdiyi əraziləri geri qaytarması nəzərdə tutulurdu.
Kremlə yaxın iki mənbənin bildirdiyinə görə, Rusiya yalnız Putin Donetsk vilayətinin tam ələ keçirilməsi məqsədinə çatdıqdan sonra danışıqlara qayıtmağa hazır olacaq. Mənbələrdən biri əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi bu məqsədə ilin sonunadək nail oluna biləcəyini prezidentə bildirib.
Lakin Moskva Müdafiə Nazirliyinə yaxın başqa bir mənbənin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bir çox nümayəndəsi bu vaxt cədvəlini real hesab etmir və Donetsk vilayətinə tam nəzarətin yalnız 2027-ci ildə mümkün olacağını düşünür.
Bizimyol.info






