“Azərbaycan Dəmir Yolları” (ADY) Bakı-Balakən-Bakı reysinin bərpasını ictimaiyyətə xüsusi təntənə ilə təqdim etmişdi. Keçən il yanvarın 3-də uzun fasilədən sonra qatar paytaxtdan bölgəyə yola düşmüşdü. Sərnişinlər 8 saatdan çox yol getmişdi. Elə məhz bu məqam da tənqid olunmuşdu. Çünki Balakən camaatı “Vita” markalı avtomobillərlə həmin yolu uzağı 5 saata qət edirdi. “Biznes” kateqoriyalı biletlərin 88 manata satılması da ayrıca qınaq mövzusu olmuşdu.
Bizimyol.info xəbər verir ki, Bakı-Balakən-Bakı sərnişin qatarı fəaliyyətini dayandırır. “Azərbaycan Dəmir Yolları” Qapalı səhmdar cəmiyyəti avqustun 1-dək Bakı-Balakən marşrutu üzrə qatarların yalnız Qax stansiyasına qədər hərəkət edəcəyini açıqlayıb. Balakən-Bakı istiqamətində qatarların hərəkəti Qax stansiyasından təşkil olunacaq. Rəsmi açıqlamaya görə, dəmir yolu xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.
Avqust resyləri üçün bilet alanlar sosial mediada narahatlığını ifadə edir. ADY-nin məlumatına əsasən, Bakı-Balakən marşrutu üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə ödənilmiş vəsait tam həcmdə geri qaytarılacaq.
Rəsmi açıqlamada səbəblər barədə, demək olar, danışılmır. Həmin bölgənin sakinləri bu haqda sosial şəbəkələrdə yazıblar. Sel sularının Zaqatalada dəmir yolu infrastrukturunu sıradan çıxardığı bildirilir.
Rövşən Səfərov adlı sosial media istifadəçisi yazır ki, qatarlar çox köhnə idi, indi təbiət onları yeniləmək fürsəti yaradıb. Əslində, ADY-nin sədri Rövşən Rüstəmov hələ 2024-cü ilin oktyabrında köhnə nəsil yataq tipli vaqonlardan ibarət qatarı müasirləşdirəcəklərini demişdi. Bunu da belə əsaslandırmışdı ki, məzafə uzaq olduğuna görə insanlar istəyirlər. Amma sərnişinlər narazı olduğunu çox ifadə edib.
O da iddia olunur ki, Balakən marşrutunun ləğvi sayəsində Tbilisi reyslərinin sayı artırılacaq. Hələlik ADY bu barədə susur. Görək avqustda necə davranılacaq. Dövlət qurumunun açıqlamasından belə çıxır ki, müəyyən işlər görüləndən sonra marşrut bərpa olunacaq.
Aytən, Bizimyol.info






