Yunanıstanda elektrik skuterlərindən istifadə qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur. Ölkə parlamenti iyulun 21-də 17 yaşdan kiçik şəxslərin elektrik skuterlərini idarə etməsini qadağan edən qanun layihəsini müzakirəyə çıxaracaq.
Bizimyol.info xəbər verir ki, bu barədə "Kathimerini" nəşri məlumat yayıb.
Qanun layihəsinə əsasən, şirkətlərə də müəyyən edilmiş yaş həddinə çatmayan yetkinlik yaşına çatmayan şəxslərə elektrik skuterlərinin satışı və ya icarəyə verilməsi qadağan olunacaq.
Sənəddə elektrik skuterlərinin məcburi qeydiyyata alınması və onların sahibləri üçün icbari sığorta tələbi də yer alıb. Hakimiyyət hesab edir ki, vahid reyestrin yaradılması yol hərəkəti qaydalarının pozulması və ya yol-nəqliyyat hadisələri zamanı sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin operativ müəyyən edilməsinə imkan verəcək.
Qanun layihəsi, həmçinin elektrik skuterlərinin istismarı qaydalarının pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutur. Xüsusilə, icazə verilən sürət həddi saatda 50 kilometrdən yüksək olan yollarda elektrik skuterləri ilə hərəkət edən şəxslər daha sərt cəzalandırılacaqlar.
Qeyd edək ki, Yunanıstanda daha əvvəl də elektrik skuterlərini idarə edənlər üçün qoruyucu dəbilqədən istifadə məcburi edilib. Bundan əlavə, hərəkət zamanı mobil telefondan istifadə etmək və qulaqcıq taxmaq qadağan olunub.
Hakimiyyət yeni məhdudiyyətlərin tətbiqini elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artması ilə əsaslandırır. Bildirilir ki, bu qəzalarda ən çox yetkinlik yaşına çatmayan şəxslər iştirak edirlər.
Elektrik skuterləri ilə bağlı qaydaların sərtləşdirilməsi tendensiyası digər Avropa ölkələrində də müşahidə olunur. Belə ki, Almaniya Bundestaqı iyul ayında ötən il elektrik skuterlərinin iştirakı ilə baş verən ağır qəzaların sayının təxminən 40 faiz artmasından sonra onların icarəsi xidmətləri üçün daha sərt tələblərin tətbiqini təsdiqləyib.
Bizimyol.info






