Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miyav... Pişik allergiyası nədir? Pişik allergiyasının əlamətləri nələrdir? Pişik allergiyasından xilas olmaq mümkündürmü? - Video
Miyav... Pişik allergiyası nədir? Pişik allergiyasının əlamətləri nələrdir? Pişik allergiyasından xilas olmaq mümkündürmü? - Video

Bəzən allergiya gözlə görünməz, amma insanın gündəlik həyatını ciddi şəkildə çətinləşdirə bilər. Pişik allergiyası da məhz belə hallardandır. Bir çox insan pişiklə təmasdan sonra asqırma, burun axıntısı, gözlərin sulanması, öskürək və hətta nəfəs darlığı kimi narahatlıqlarla qarşılaşır. Əslində problem pişiyin özündə deyil, onun tüpürcəyində, sidiyində və dərisindən tökülən xırda hissəciklərdə — yəni allergenlərdədir. Xüsusilə, Fel d 1 adlı zülal bu reaksiyaların əsas səbəbi hesab olunur və pişik özünü təmizlədikcə bu maddə ətrafa yayılır.

Mütəxəssislər bildirirlər ki, pişik allergiyası hər kəsdə eyni şəkildə özünü göstərmir. Bəzi insanlarda yüngül əlamətlərlə keçdiyi halda, digərlərində çox qısa müddətdə ciddi tənəffüs problemlərinə səbəb ola bilər. Hətta maraqlıdır ki, allergiya yalnız pişiyin olduğu mühitdə deyil, onun əvvəllər olduğu məkanlarda da özünü göstərə bilir.

Bu vəziyyətdən tam xilas olmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq mümkündür. Ən effektiv üsul, təması minimuma endirmək hesab olunur. Antihistaminiklər, burun spreyləri və göz damcıları kimi dərman vasitələri də simptomların yüngülləşdirilməsində istifadə olunur.

Daha ağır hallarda immunoterapiya – yəni allergiya peyvəndləri tətbiq oluna bilər. Bu üsul orqanizmin allergenə reaksiyasını tədricən zəiflədir və bəzi hallarda uzunmüddətli yaxşılaşma təmin edir. Lakin bu müalicə yalnız həkim nəzarəti altında aparılmalıdır.

Pişik allergiyası olanların evdə pişik saxlaması mümkündür. Amma bu, ciddi qaydalara əməl etməyi tələb edir. Daimi təmizlik, pişiyin baxımının düzgün aparılması və şəxsi gigiyenaya diqqət bu baxımdan əsas şərtlərdir. Bununla belə, allergiyanın zamanla tam yox olması nadir hallarda baş verir və əksər insanlarda bu həssaslıq uzunmüddətli qalır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »