Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin F-35 alması İsrail üçün "qırmızı xətt"dir"
Türkiyənin F-35 alması İsrail üçün "qırmızı xətt"dir"

Suriya və Livanda İsrailin genişlənməyə yönəlmiş siyasəti davam edir və bu proses regiondakı gərginliyi daha da artırır.

Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin açıqlaması diqqət çəkir. O bildirib ki, Epşteyn dosyeləri İsrail və MOSSAD tərəfindən hazırlanıb, bu proses İsrail hökumətinin məlumatı çərçivəsində həyata keçirilib və bununla ABŞ-a qarşı bir növ tələ qurulub. Hətta Trampın və ətrafının MOSSAD tərəfindən davamlı izlənildiyini, onların hər an İsrail tərəfindən sui-qəsd təhlükəsi ilə üzləşə biləcəyini ifadə edib.

Bu açıqlamalar göstərir ki, İsrail hazırda kifayət qədər güclü mövqedədir və mövcud ABŞ administrasiyasına qarşı da müəyyən addımlar atır.

Digər tərəfdən, ABŞ Konqresində də İsrailə münasibətin əvvəlki kimi olmadığını görürük. İsrailə hər il ayrılan 3,3 milyard dollarlıq hərbi yardım paketinin dayandırılması məsələsi səsverməyə çıxarıldı. Bu zaman 103 konqresmen əleyhinə səs verdi. Onların 102-si Demokratlar Partiyasının, biri isə Respublikaçılar Partiyasının nümayəndəsi idi. Bu, kifayət qədər ciddi göstəricidir.

Bu səbəbdən hesab edirəm ki, artıq ABŞ-da və Avropada Netanyahu və İsrail əvvəlki kimi qəbul edilmir. Getdikcə daha çox siyasi dairə Netanyahu ilə eyni mövqedə görünmək istəmir.

Bu prosesdə Türkiyə faktoru da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə 7–8 iyul 2026-cı il tarixlərində Ankarada keçirilən NATO Zirvə toplantısında Türkiyəyə F-35 qırıcılarının verilməsi və KAAN milli döyüş təyyarəsi üçün tələb olunan F110 reaktiv mühərrikin tədarükü məsələsi gündəmə gətirildi.

Əgər bu proses həyata keçərsə, Türkiyə bölgədə hava üstünlüyü əldə edə bilər. Bununla yanaşı, CAATSA sanksiyalarından Türkiyənin çıxarılması və S-400 sistemləri ilə bağlı problemin üçüncü ölkəyə satış yolu ilə aradan qaldırılması halında Ankaranın müdafiə sənayesində qarşısındakı maneələr böyük ölçüdə aradan qalxacaq.

Bu isə Türkiyəyə həm müdafiə sənayesində daha böyük addımlar atmağa, həm də Yaxın Şərqdə hava üstünlüyünü təmin etməyə imkan verəcək.

Məhz bu məsələ İsrail üçün “qırmızı xətt”dir. Çünki İsrail hesab edir ki, bölgədə hərbi və xüsusilə hava üstünlüyü yalnız onun əlində olmalıdır. Bu balansın dəyişməsi isə Yaxın Şərqdə yeni müharibələrə səbəb ola bilər.

Hətta İsrail tərəfi zaman-zaman Suriya üzərindən Türkiyə ilə İsrail arasında mümkün hərbi qarşıdurma ssenarilərini də gündəmə gətirir.

İsrail Türkiyəni Şərqi Aralıq dənizində müxtəlif geosiyasi layihələr vasitəsilə əhatəyə almağa çalışır.

İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası arasında formalaşan əməkdaşlıq Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatlarından istifadəsinin qarşısını almağa yönəlib. Bu çərçivədə Ankaraya qarşı təzyiq siyasəti həyata keçirilir və müəyyən mənada Türkiyə ilə Yunanıstan arasında qarşıdurma yaratmağa çalışılır.

Başqa tərəfdən, son dövrdə NATO daxilində də Türkiyəni Rusiya ilə qarşı-qarşıya gətirə biləcək planların müzakirə edildiyini görürük. Mən hesab edirəm ki, bu proseslərin arxasında İsrailin təsiri də mövcuddur.

Beləliklə, Türkiyə bir tərəfdən İsrail tərəfindən müxtəlif istiqamətlərdən əhatəyə alınmağa çalışılır, digər tərəfdən isə alternativ ittifaqlar quraraq və Tramp administrasiyasını müəyyən məsələlərdə inandıraraq öz milli maraqlarını qorumağa çalışır.

İranla müharibə zamanı kürd silahlı qruplarından istifadə olunması məsələsi gündəmə gəlmişdi. Burada söhbət PKK, YPG və PJAK kimi terror təşkilatlarından gedir. Bu proses zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdaxiləsi nəticəsində mümkün quru əməliyyatının qarşısı alındı. Bu isə İsrailin narazılığına səbəb olan bir vəziyyətdir.

Çünki İsrail Suriyanın şimalındakı kürd qruplarından, şərqdəki nusayrilərdən və cənubdakı druzlardan istifadə etməklə Türkiyənin “terrordan azad bölgə” siyasətini zəiflətməyə və Ankara üçün yeni milli təhlükəsizlik problemləri yaratmağa çalışır.

Prezident Ərdoğanın bu planların qarşısını alması İsrailin narahatlığına səbəb olub.

Bundan sonrakı mərhələdə də Türkiyə İsrail ilə ABŞ arasında yaranan fikir ayrılıqlarını diqqətlə izləyəcək, bu gərginlikdən öz milli maraqları baxımından istifadə etməyə çalışacaq və regionda təhlükəsizlik siyasətini gücləndirəcək.

Hüsamettin İnaç Hüsamettin İnaç, Türkiyə
Son xəbərlər
Bütün xəbərlər »