Azərbaycanda yenilənmiş dizayna və ən son mühafizə texnologiyalarına malik 100 manatlıq pul nişanı rəsmi olaraq dövriyyəyə buraxılıb. Yeni banknotda saxtakarlığa qarşı müasir təhlükəsizlik elementləri, o cümlədən rəngi dəyişən holoqram, "Spark Flow Prime" texnologiyası, su nişanı və görmə qüsurlu şəxslər üçün xüsusi tanıma xətləri tətbiq edilib.
Yeni nəsil mühafizə elementlərinə malik banknotların dövriyyəyə buraxılması nağd pulun etibarlılığını artıracaq, yoxsa rəqəmsal ödənişlərin sürətlə yayıldığı dövrdə bu addımın təsiri məhdud olacaq?
- Yeni 100 manatlıq əskinasın dövriyyəyə buraxılması saxta pul dövriyyəsinin qarşısını almaqda nə dərəcədə effektiv olacaq?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeni 100 manatlıq əskinasın dövriyyəyə buraxılması ilk növbədə nağd pulun təhlükəsizliyini və etibarlılığını artırmağa xidmət edir. Müasir mühafizə elementləri saxta əskinasların hazırlanmasını xeyli çətinləşdirir və həm vətəndaşların, həm də ticarət obyektlərinin risklərini azaldır. Bununla belə, heç bir təhlükəsizlik sistemi saxtakarlığı tamamilə aradan qaldırmır.
İqtisadçının fikrincə, yeni texnologiyalar saxta pulun dövriyyəyə buraxılmasını daha mürəkkəb və baha başa gətirdiyi üçün belə halların sayının azalmasına töhfə verə bilər.
Rəqəmsal ödənişlərin sürətlə genişlənməsinə baxmayaraq, nağd pul hələ də iqtisadi dövriyyənin mühüm hissəsidir. Xüsusilə regionlarda, kiçik ticarət obyektlərində və elektron ödəniş infrastrukturunun tam inkişaf etmədiyi ərazilərdə nağd pula tələbat qalır. Buna görə də kağız pul nişanlarının müasir təhlükəsizlik standartlarına uyğun yenilənməsi zəruri addım hesab edilə bilər.
"Yeni əskinasların dövriyyəyə buraxılması rəqəmsal ödənişlərin inkişafına alternativ deyil. Bu iki istiqamət bir-birini tamamlayır. Dövlət həm nağd pulun təhlükəsizliyini təmin etməli, həm də rəqəmsal ödəniş sistemlərinin əlçatanlığını və etibarlılığını artırmalıdır. Beləliklə, vətəndaşlar istifadə etdikləri ödəniş vasitəsindən asılı olmayaraq, daha təhlükəsiz maliyyə mühitindən faydalana bilərlər", – deyə Akif Nəsirli bildirib.
İradə Cəlil, Bizimyol.info






