Almanların əksəriyyəti ölkə hökumətinin sosial sahədə həyata keçirməyi planlaşdırdığı islahatlar paketinə şübhə ilə yanaşır.
Bizimyol.info xəbər verir ki, bu barədə "ZDF" telekanalının sifarişi ilə "Wahlen" araşdırma qrupu tərəfindən keçirilən sorğunun nəticələri göstərir.
Sorğu iştirakçılarının yalnız 30 faizi hökumətin islahatlarını düzgün istiqamətdə atılmış addım hesab edir. Respondentlərin 63 faizi bu dəyişiklikləri tənqid edib. Digərləri isə cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, sorğuda iştirak edənlərin 81 faizi islahatların vətəndaşların üzərinə qoyduğu maliyyə yükünün ədalətsiz bölüşdürüldüyünü düşünür. Yalnız 12 faiz bu fikirlə razılaşmayıb.
Xatırladaq ki, bundan əvvəl Almaniya parlamentinin aşağı palatası — Bundestaq və federal torpaqların nümayəndələr palatası — Bundesrat hökumətin xərclərin azaldılmasına yönəlmiş tədbirlər paketini, o cümlədən səhiyyə sahəsində qənaət planını təsdiqləyib.
Araşdırmanın nəticələri göstərib ki, Almaniya hökumətinə və şəxsən kansler Fridrix Merzə dəstək səviyyəsi aşağı olaraq qalır. Respondentlərin 68 faizi hökumətin fəaliyyətini mənfi qiymətləndirib. Kabinetin işini müsbət dəyərləndirənlərin payı isə cəmi 27 faiz olub.
Sorğu iştirakçılarının 70 faizi kansler Fridrix Merzin fəaliyyətindən narazıdır. Onun işini müsbət qiymətləndirənlərin sayı isə 27 faiz təşkil edib.
Siyasi partiyaların reytinqinə gəlincə, 27 faiz dəstəklə birinci yeri Almaniya üçün Alternativ (AfD) partiyası tutur. İkinci yerdə 23 faiz göstərici ilə Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku qərarlaşıb.
Respondentlərin 14 faizi “Yaşıllar” partiyasına, 13 faizi Sol Partiyaya, 12 faizi isə Almaniya Sosial Demokrat Partiyasına (SPD) səs verəcəyini bildirib. Digər partiyalar Bundestaqa daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri keçə bilməyib.
İyulun 14-dən 16-dək keçirilən sorğuda 1284 nəfər iştirak edib.
Bizimyol.info






