Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
S-400 iddiaları yenidən gündəmdə: Türkiyə F-35 proqramına qayıda bilərmi?
S-400 iddiaları yenidən gündəmdə: Türkiyə F-35 proqramına qayıda bilərmi?

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sistemlərin üçüncü ölkəyə verilə biləcəyi barədə iddialar Ankara-Moskva və Ankara-Vaşinqton münasibətlərinə mümkün təsirlərlə bağlı suallar doğurur.

Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) prezidenti Mehmet Gökhan Özçubukçu

Bizimyol.info xəbər portalına bildirib ki, indiyədək nə Ankara, nə də Moskva bu istiqamətdə hər hansı rəsmi təsdiq verməyib. Onun sözlərinə görə, bu səbəbdən məsələ baş vermiş hadisə kimi deyil, mümkün ssenari kimi qiymətləndirilməlidir.

Ekspert hesab edir ki, S-400 sistemlərinin üçüncü ölkəyə verilməsi baş tutacağı təqdirdə, bu, təkcə Türkiyəni deyil, həm də Rusiya, ABŞ və NATO-nu maraqlandıran çoxşaxəli diplomatik nəticələr doğura bilər.

Mehmet Gökhan Özçubukçu bildirib ki, Türkiyə-Rusiya münasibətləri baxımından S-400 məsələsi iki ölkə arasındakı geniş strateji gündəliyin yalnız bir hissəsidir. Onun sözlərinə görə, Ankara ilə Moskva hazırda enerji, Akkuyu Atom Elektrik Stansiyası, təbii qaz, turizm, Qara dəniz təhlükəsizliyi, Suriya, Liviya və Cənubi Qafqaz kimi bir çox istiqamətdə əməkdaşlıq edir. Buna görə də S-400-lə bağlı mümkün dəyişikliklərin təkbaşına ikitərəfli münasibətləri müəyyən edəcəyini söyləmək düzgün olmaz.

“Müdafiə sənayesi sahəsində əməkdaşlıq dövlətlər arasında strateji etimadın əsas göstəricilərindən biridir. Onun fikrincə, əgər mümkün təhvil prosesi mövcud müqavilələr və tərəflər arasında əldə olunmuş razılaşmalar nəzərə alınmadan həyata keçirilərsə, Moskva bunu müdafiə sənayesi əməkdaşlığı baxımından mənfi qiymətləndirə bilər. Bununla yanaşı, Özçubukçu qeyd edib ki, son illərdə müxtəlif fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə Rusiya böhran bölgələrində dialoq kanallarını açıq saxlamağı bacarıb. Buna görə də mümkün təsirlərin miqyası prosesin necə idarə olunacağından asılı olacaq”-deyə o əlavə edib.

Onun sözlərinə görə, ABŞ isə məsələyə fərqli yanaşır. Vaşinqton uzun müddətdir S-400 sistemlərinin NATO-nun inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ilə uyğun gəlmədiyini bildirir. Ekspert hesab edir ki, sistemlərin Türkiyə Silahlı Qüvvələrinin inventarından çıxarılması və ya onlara fərqli status verilməsi Ankara-Vaşinqton münasibətlərində daha müsbət atmosfer yarada bilər. Bununla belə, o vurğulayıb ki, bunun iki ölkə arasındakı bütün problemləri həll edəcəyini düşünmək doğru olmaz. Çünki Suriya siyasəti, YPG/PYD məsələsi, Şərqi Aralıq dənizi, sanksiyalar və müdafiə sənayesi sahəsində əməkdaşlıq kimi mövzular münasibətlərin əsas gündəmində qalmaqdadır.

Mehmet Gökhan Özçubukçu bildirib ki, Türkiyə üçün əsas prioritet hava və raketdən müdafiə imkanlarında boşluğun yaranmamasıdır. Onun sözlərinə görə, mümkün dəyişiklik olacağı halda bunun yerli sistemlər və ya alternativ həllərlə necə kompensasiya ediləcəyi həlledici əhəmiyyət daşıyacaq. Xüsusilə SİPER kimi milli hava hücumundan müdafiə layihələrinin inkişafı bu baxımdan mühüm rol oynayacaq.

Ekspert hesab edir ki, S-400 sistemlərinin üçüncü ölkəyə verilməsi baş tutarsa, həm Ankara-Moskva, həm də Ankara-Vaşinqton xəttində yeni diplomatik danışıqlar başlaya bilər. Lakin onun fikrincə, Türkiyənin son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəzərə alındıqda, Ankara nə Rusiya ilə münasibətlərini zədələmək, nə də Qərblə müdafiə əməkdaşlığını tamamilə dayandırmaq niyyətindədir. O vurğulayıb ki, əsas məsələ sistemlərin verilib-verilməməsi deyil, prosesin hansı diplomatik zəmində və tərəflər arasında hansı razılaşma əsasında idarə olunacağıdır.

S-400 məsələsinin yenidən gündəmə gəlməsinin F-35 proqramına mümkün təsirlərinə də toxunan Mehmet Gökhan Özçubukçu bildirib ki, bu məsələ ilə bağlı yaranan hər bir müzakirəni Türkiyənin avtomatik olaraq F-35 proqramına qayıdışı kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, bu gün S-400 və F-35 məsələləri bir-biri ilə əlaqəli olsa da, artıq fərqli siyasi, strateji və təhlükəsizlik ölçülərinə malik dosyelərə çevrilib.

Ekspert xatırladıb ki, Türkiyə F-35 proqramının yalnız alıcısı deyil, həm də istehsalçı tərəfdaşlarından biri olub. Lakin 2019-cu ildə S-400 sistemlərinin təhvil alınmasından sonra ABŞ CAATSA sanksiyalarını tətbiq edib və Türkiyə proqramdan çıxarılıb. O bildirib ki, həmin proses iki NATO müttəfiqi arasında yaranmış etimad böhranının əsas səbəblərindən biri idi.

“Son illərdə beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Rusiya-Ukrayna müharibəsi, NATO-nun genişlənməsi, Avropa təhlükəsizliyi ilə bağlı narahatlıqların artması və Qara dənizin strateji əhəmiyyətinin yüksəlməsi Türkiyənin geosiyasi mövqeyini yenidən ön plana çıxarıb.

Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində dialoq tamamilə dayanmayıb. F-16 Block 70 qırıcıları və modernizasiya paketləri ilə bağlı əldə olunan irəliləyiş bunu göstərir. Bununla yanaşı, ekspert vurğulayıb ki, F-35 proqramına qayıdış yalnız texniki şərtlərin deyil, həm də siyasi etimadın bərpasını tələb edir. Bu səbəbdən S-400 məsələsində baş verə biləcək mümkün dəyişiklik təkbaşına kifayət etməyə bilər”-deyə o bildirib.

Ekspert əlavə edib ki, Türkiyənin müdafiə planlamasında da ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, KAAN, KIZILELMA, ANKA-3 və HÜRJET kimi milli layihələr uzunmüddətli perspektivdə ölkənin xarici asılılığını azaltmaq strategiyasını gücləndirir. Bu layihələr yaxın müddətdə F-35-in bütün imkanlarını tam əvəz etməsə də, Türkiyənin artıq müdafiə sahəsində əvvəlki dövrlə müqayisədə daha çox alternativə malik olduğunu göstərir.

Mehmet Gökhan Özçubukçu sonda bildirib ki, S-400 müzakirələrinin yenidən gündəmə gəlməsi Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində dialoqun canlanmasına və etimadın gücləndirilməsi istiqamətində addımlara töhfə verə bilər. Lakin onun fikrincə, hazırkı şəraitdə bunu Türkiyənin F-35 proqramına qayıdacağının göstəricisi hesab etmək üçün kifayət qədər əsas yoxdur. Ekspert hesab edir ki, bu ehtimal yalnız S-400 məsələsindəki mümkün dəyişikliklərdən deyil, ümumilikdə Türkiyə-ABŞ münasibətlərinin inkişafından, qarşılıqlı strateji etimadın bərpasından və tərəflərin uzunmüddətli müdafiə prioritetlərində ortaq mövqeyə gəlməsindən asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »