Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) bildirib ki, Rusiya işğalçı ordusu cəbhəyanı və sərhədyanı ərazilərdə mülki infrastruktur və avtomobil nəqliyyatına pilotsuz uçuş aparatları (PUA) ilə hücumları gücləndirmək əmri alıb.
Bizimyol.info xəbər verir ki, qurumun məlumatına görə, əsas hədəflər yanacaqdoldurma məntəqələri, yük avtomobilləri, avtobuslar və minik maşınları olacaq.
Bu hücumların həyata keçirilməsi üçün Rusiya ordusunun perspektivli pilotsuz sistemlər mərkəzi "Rubikon", eləcə də işğalçı qoşunların xətti bölmələrinin xarici operatorlarından istifadə ediləcəyi bildirilir.
BKİ-nin açıqlamasında bildirilir ki, hədəflərin aşkarlanması və vurulması üçün real vaxt rejimində idarə olunan "Molniya-1", "Molniya-2", "Geran-Siker", "Gerbera-Siker", "Lanset", V2U və digər oxşar tipli PUA-ların tətbiqi planlaşdırılır.
BKİ vurğulayıb ki, Rusiya hərbi rəhbərliyinin cəbhəyanı bölgələrdə dron terrorunu gücləndirmək əmri Ukraynanın mülki əhalisi üçün ciddi təhlükə yaradır. Qurum vətəndaşları hava həyəcanı siqnallarına ciddi əməl etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Daha əvvəl Ukrayna mətbuatının yaydığı məlumata görə, Xarkov meri İqor Terexov hökumət səviyyəsində yanacaqdoldurma məntəqələrinin qorunması və əməkdaşlar, eləcə də sürücülər üçün mobil sığınacaqların tikintisini nəzərdə tutan dövlət proqramının qəbul edilməsini təklif edib.
Onun sözlərinə görə, Rusiya qüvvələri son dövrlərdə optik liflə idarə olunan PUA-lardan daha geniş istifadə edir və bu dronlar yanacaqdoldurma məntəqələrinə qədər uça bilir. Terexov bildirib ki, bu obyektlərə məqsədyönlü hücumların məqsədi əhali arasında panika yaratmaq və yanacaq qıtlığı təəssüratı formalaşdırmaqdır.
Mer qeyd edib ki, bu taktikaya qarşı mübarizə aparmaq üçün yanacaqdoldurma məntəqələrinin kiçik mobil sığınacaqlarla təmin olunmasına dəstək verilməlidir. Bu, həm orada çalışan əməkdaşların, həm də yanacaq doldurmaq üçün gələn sürücülərin hava həyəcanı zamanı təhlükəsiz şəkildə sığınmasına imkan verə bilər.
Bizimyol.info






