ABŞ kəşfiyyatı 2020-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində hesab edirdi ki, həmin dövrdə Almaniyanın kansleri olan Angela Merkel Donald Trampın yenidən prezident seçilməsini istəməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Şurasının 2020-ci ilin avqustunda hazırlanmış, iyulun 16-da isə Ağ Ev tərəfindən məxfiliyi aradan qaldırılaraq dərc edilmiş hesabatında bildirilir.
“Kansler Merkel, demək olar ki, şübhəsiz, Prezident Trampın yenidən seçilməsini istəmirdi. Buna səbəb iki lider arasında şəxsi fikir ayrılıqları və Merkelin Tramp administrasiyasının siyasətinin Almaniya, Avropa İttifaqı və NATO-nun geosiyasi mövqeyini çətinləşdirdiyi qənaətində olması idi”, - deyə sənəddə qeyd olunur.
Hesabat müəllifləri ayrıca vurğulayırlar ki, Merkel Tramp administrasiyasının COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini tənqid edib. Bundan əlavə, sənəddə onun Avropa liderləri ilə keçirilən qapalı videokonfrans zamanı 2020-ci il ABŞ prezident seçkilərini Avropa İttifaqı üçün “risk amili” kimi dəyərləndirdiyi qeyd olunur.
2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib. Seçkilərdə məğlub olan Donald Tramp isə dəfələrlə səsvermə zamanı, o cümlədən poçt vasitəsilə göndərilən bülletenlər və səslərin sayılması üçün istifadə edilən maşınlarla bağlı sistemli pozuntuların baş verdiyini iddia edib.
Bizimyol.info






