ABŞ kəşfiyyat qurumları 2020-ci ildə Rusiyanın Donald Trampın yenidən prezident seçilməsində maraqlı olduğu və onun rəqibi, demokrat Co Baydenə qarşı kampaniya apardığı barədə hesabat təqdim edib.
Bizimyol.info xəbər verir ki, 2020-ci il avqustun 19-na aid edilən sənəddə hər hansı sübut təqdim olunmadan Rusiya ilə əlaqəli olduğu iddia edilən şəxslərin sosial şəbəkələrdə Donald Trampın namizədliyini təşviq etdiyi irəli sürülür.
Hesabatda bildirilir ki, Rusiya tərəfi əsasən ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydeni nüfuzdan salmağa yönəlmiş bir sıra addımlar atıb. Bayden 2020-ci il prezident seçkilərində Trampın əsas rəqibi idi. Sənədə görə, bu çərçivədə əsasən Tramp üçün əlverişli məzmunlu materiallar, həmçinin Bayden və ailəsinin Ukraynada korrupsiya ilə əlaqələri barədə məlumatlar yayılıb.
ABŞ bundan əvvəl də oxşar ittihamlarla çıxış edib. Rusiya tərəfi isə bu iddiaları dəfələrlə təkzib edib.
Sözügedən Milli Kəşfiyyat Şurası ABŞ Milli Kəşfiyyat Direktoru Aparatının strukturuna daxildir və ölkənin 18 kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirir.
Donald Tramp ilk prezidentlik dövründə 2017–2021-ci illərdə ABŞ administrasiyasına rəhbərlik edib. O, 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində Co Baydenə məğlub olub. Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə yenidən qalib gələrək ikinci dəfə ABŞ prezidenti seçilib.
Ağ Evin rəhbəri Donald Tramp iyulun 16-da Rusiyanın ABŞ seçkilərinə təsir göstərməyə çalışan ölkələr sırasında olduğunu iddia edib. Onun sözlərinə görə, məxfilikdən çıxarılan kəşfiyyat sənədləri ABŞ-da səsvermə sistemlərinin hücumlar qarşısında son dərəcə həssas olduğunu göstərir.
Bizimyol.info






