Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran: “BMT Nizamnaməsi və beynəlxalq hüquq açıq şəkildə pozulub”
İran: “BMT Nizamnaməsi və beynəlxalq hüquq açıq şəkildə pozulub”

İran Xarici İşlər Nazirliyi ABŞ-ın son 24 saat ərzində İrana qarşı həyata keçirdiyi hərbi hücumları sərt şəkildə pisləyib. Nazirlik bildirib ki, bu hücumlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozur, həmçinin regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

Bizimyol.info xəbər verir ki, nazirliyin yaydığı açıqlamada bildirilir ki, ABŞ-ın hərəkətləri BMT Nizamnaməsinin əsas prinsiplərinə, xüsusilə də güc tətbiqini qadağan edən 2-ci maddənin 4-cü bəndinə ziddir. Bildirilib ki, bu hücumlar Qərbi Asiyada gərginliyin azaldılması istiqamətində son aylarda aparılan diplomatik səyləri də nəticəsiz qoyub.

Açıqlamada müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın imzalanmasından cəmi 25 gün keçdiyi vurğulanaraq, ABŞ-ın həmin razılaşmanın demək olar ki, bütün müddəalarını pozduğu iddia edilib. Vaşinqtonun İranın nəqliyyat infrastrukturunu, balıqçı qayıqlarını, yükdaşıma gəmilərini və meteoroloji obyektlərini hədəfə aldığı, bunun isə müharibə cinayəti təşkil etdiyi bildirilib.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazında İran tərəfindən həyata keçirilən tənzimləmələrə müdaxilə etdiyini, bunun bölgədə yenidən etimadsızlıq mühiti yaratdığını və beynəlxalq dəniz ticarətinə mane olduğunu qeyd edib.

Açıqlamada ABŞ-ın İrana qarşı hücumlarında Fars körfəzinin cənub sahilində yerləşən ölkələrin ərazilərindən və imkanlarından istifadə etməsinin həmin ölkələri də “qanunsuz müharibənin iştirakçılarına çevirdiyi” irəli sürülüb.

İran öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmində olduğunu bir daha bəyan edib və hücumlarda iştirak edən və ya bu istiqamətdə əməkdaşlıq göstərən ölkələri xəbərdar edib. Nazirlik bildirib ki, beynəlxalq hüquqa əsasən qonşu dövlətlər öz ərazilərinin İrana qarşı hücumlar üçün istifadəsinin qarşısını almağa borcludurlar. Açıqlamada qeyd olunub ki, İrana qarşı hücumların mənbələri və həyata keçirildiyi məntəqələr İran Silahlı Qüvvələri üçün legitim özünümüdafiə hədəfləri hesab ediləcək.

İran Xarici İşlər Nazirliyi ABŞ rəhbərliyini eyni zamanda yanlış məlumat və dezinformasiya kampaniyası aparmaqda ittiham edib. Açıqlamada ABŞ prezidentinin Oman paytaxtı Maskatda keçirilən görüşlərin nəticələri ilə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, danışıqlar əsasən Hörmüz boğazının idarə olunması və dəniz nəqliyyatı ilə bağlı məsələlərə həsr olunub, lakin ABŞ-ın Omana göstərdiyi açıq və gizli təzyiqlər səbəbindən nəticə əldə olunmayıb.

Nazirlik sonda BMT Katibliyinin ABŞ-ın addımlarına qarşı mövqeyini tənqid edib. BMT Baş katibi və Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin pozulmasına qarşı öz məsuliyyətlərini yerinə yetirməyə, hücum edən tərəflərin cavabdehliyini təmin etməyə və İran xalqına qarşı törədildiyi iddia olunan cinayətlərin təqsirkarlarını cəzalandırmağa çağırılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »