Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada anomal istilər səbəbindən üç nüvə reaktoru dayandırılıb
Fransada anomal istilər səbəbindən üç nüvə reaktoru dayandırılıb

Fransanın enerji operatoru EDF ölkəni bürüyən anomal istilər səbəbindən üç nüvə reaktorunun fəaliyyətini dayandırıb. Bundan əlavə, daha səkkiz reaktor azaldılmış güclə işləyir.

Bizimyol.info xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, məhdudiyyətlər atom elektrik stansiyalarının soyudulması üçün istifadə olunan su hövzələrinin həddindən artıq qızmasının qarşısını almaq məqsədilə tətbiq edilib. Reaktorlar soyudulduqdan sonra istifadə olunan su yenidən çaylara axıdılır və havanın yüksək temperaturu su ekosistemlərinə ciddi ziyan vura bilər.

Fəaliyyəti dayandırılan reaktorlar Qaronna çayı üzərində yerləşən Qolfeş, Rona çayı üzərindəki Büje və Maas çayı sahilindəki Şoo atom elektrik stansiyalarındadır.

Hazırda Fransada istismarda olan 57 nüvə reaktoru ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 70 faizini təmin edir. Bütün atom elektrik stansiyaları soyutma üçün böyük həcmdə suya ehtiyac duyduğundan çayların və ya dəniz sahillərinin yaxınlığında yerləşir.

Hər bir atom elektrik stansiyası üçün suyun maksimal temperatur həddi Nüvə Təhlükəsizliyi və Radiasiyadan Mühafizə İdarəsi (ASNR) tərəfindən müəyyən edilir. Bu hədd aşdıqda operatorlar ya elektrik enerjisi istehsalını azaltmalı, ya da reaktorların fəaliyyətini tam dayandırmalıdır.

Hazırda Fransanın 37 departamentində ekstremal istilərlə bağlı ən yüksək xəbərdarlıq səviyyəsi qüvvədədir. Hakimiyyət orqanları eyni zamanda meşə yanğınları riskinin yüksək olduğunu bildirir. Hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə turizm obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, Bastiliya Gününə həsr olunmuş bayram atəşfəşanlıqları isə ləğv edilib.

Bu, cari yay mövsümündə Fransada anomal istilər səbəbindən nüvə elektrik stansiyalarının fəaliyyətinin məhdudlaşdırıldığı ikinci haldır. İyunun sonlarında müşahidə olunan əvvəlki isti dalğası zamanı da iki nüvə reaktoru dayandırılmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »