Konqo Demokratik Respublikasında Ebola qızdırmasının yayılması ilə bağlı epidemioloji vəziyyət pisləşməkdə davam edir.
Bizimyol.info xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı 1800-ü ötüb, virus artıq dördüncü əyalətə yayılıb.
Mayın 15-də epidemiya elan edildikdən sonra ümumilikdə 1830 yoluxma halı qeydə alınıb. Onlardan 648 nəfər həyatını itirib. Hazırda təxminən 780 xəstənin müalicəsi davam etdirilir, 284 nəfər isə sağalaraq evə buraxılıb.
İndiyədək infeksiyanın əsas ocaqları İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yerləşirdi. Lakin səlahiyyətli qurumlar virusun ölkənin şimal-şərqində yerləşən Yuxarı Uele əyalətinə də yayıldığını təsdiqləyiblər. Buna səbəb Vamba səhiyyə zonasında Ebola virusundan yeddi ölüm faktının qeydə alınması olub.
Səhiyyə Nazirliyi epidemiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini açıqlayıb. Bildirilib ki, milli səviyyədə koordinasiya genişləndirilir, epidemioloji nəzarət gücləndirilir və əhali arasında maarifləndirmə işləri aparılır. Məqsəd təhlükəli virusun daha geniş yayılmasının qarşısını almaqdır.
Bizimyol.info






