Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yair Netanyahu “Haaretz” qəzetinin jurnalistini məhkəməyə verdi
Yair Netanyahu “Haaretz” qəzetinin jurnalistini məhkəməyə verdi

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu “Haaretz” qəzetinin jurnalisti Uri Misqava qarşı Qüds Məhkəməsinə müraciət edərək məhkəmə qadağası çıxarılmasını tələb edib. O, jurnalisti təqibdə və şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham edir.

Bizimyol.info xəbər verir ki, İsrail KİV-lərinin məlumatına görə, məhkəməyə müraciət “Haaretz” qəzetində Yair Netanyahunun rəsmi olaraq adını Yonatan Hon olaraq dəyişdirdiyi barədə məqalə dərc edildikdən bir gün sonra edilib.

Yair Netanyahu vəkili Uryel Hor Nazari vasitəsilə təqdim etdiyi ərizədə jurnalistin onunla hər hansı əlaqə saxlamasının, şəxsi məlumatlarını yaymasının, olduğu yeri izləməsinin və hərəkət marşrutları barədə məlumat dərc etməsinin qadağan olunmasını istəyib.

Ərizədə iddia olunur ki, Uri Misqav uzun müddətdir həm İsraildə, həm də xaricdə Yair Netanyahunun hərəkətlərini izləyir, olduğu məkanlar barədə məlumat toplayır və onun uçuşları, səfərləri, eləcə də təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar yayımlayır.

Yair Netanyahu bu hərəkətlərin şəxsi həyatına və təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirib. Müraciətdə jurnalistin “obsessiv davranış sərgilədiyi” və “bütün qırmızı xətləri keçdiyi” iddia olunub.

İş üzrə keçirilən ilkin, birtərəfli iclas zamanı Yair Netanyahunun vəkili təqibin onun ailə üzvlərinə də şamil edildiyini bildirib. Hakim Daniel Mordexay Dambits isə iş materiallarında İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) mövqeyinin niyə yer almadığını soruşub. Vəkil cavabında xüsusi xidmət orqanının məxfi rəyinin sonradan məhkəməyə təqdim ediləcəyini deyib.

İş üzrə hər iki tərəfin iştirakı ilə keçiriləcək əsas məhkəmə iclası çərşənbə gününə təyin olunub.

Uri Misqav isə sosial şəbəkədə iddiaya münasibət bildirərək qeyd edib ki, ona qarşı növbəti dəfə təqib qadağası ilə bağlı müraciət edilib. Jurnalist həmçinin sənədlərdə Yair Netanyahunun adının hələ də əvvəlki formada göstərildiyinə diqqət çəkib və əlavə edib: “Hər şey məhkəmədə araşdırılacaq. Təfərrüatları daha sonra açıqlayacağam”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »