ABŞ Prezidenti Donald Trampın administrasiyası və bir qrup amerikalı senator Rusiya və Rusiya neftini alan xarici alıcılara qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yenilənmiş qanun layihəsinin irəlilədilməsi barədə razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə qanunvericilərin birgə bəyanatında bildirilib.
Razılaşmanın əldə edildiyini senatorlar Riçard Blumental, Lindsi Qrem, Janna Şahin və Rocer Viker açıqlayıblar. Onların sözlərinə görə, yenilənmiş sənəd yaxın vaxtlarda təqdim oluna bilər.
“Biz qürurla bildiririk ki, Rusiya əleyhinə sanksiyalarla bağlı yenilənmiş qanun layihəsinin irəlilədilməsi üçün Tramp administrasiyası ilə razılığa gəlmişik. Bu mühüm irəliləyişdən çox məmnunuq və qanun layihəsinin yaxın zamanda qəbul ediləcəyini gözləyirik”, - deyə bəyanatda qeyd olunub.
Təşəbbüs müəllifləri hesab edirlər ki, Moskva üzərində iqtisadi təzyiq gücləndirilməlidir. Onlar bunu Ukraynada davam edən hərbi əməliyyatlar və Rusiya qüvvələrinin ölkə ərazisində mülki obyektlərə qarşı zərbələri artırması ilə əsaslandırırlar.
Qanun layihəsi Rusiya neftini almaqda davam edən ölkə və şirkətlərə təsir göstərə biləcək daha sərt məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Bizimyol.info






