“İki qardaş ölkələrin halına acımamaq olmur. İki böyük dövlətin cəmi ixracatı dünyanın ən kiçik - cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır. Sinqapurun ixracatı vaxtı ilə müstəmləkəsi olmuş Malayziya ixracatından da az qala iki dəfəyə yaxın çoxdur”.
Bu sözləri iqtisad elmləri doktoru, professor Saleh Məmmədov “Facebook” hesabında paylaşıb.
Professor 2025 - ci ildə dünyanın ən böyük ixracatçı ölkələrinin siyahısını da təqdim edib. Siyahıya əsasən, birinci yerdə 3,77 trilyon dollar ixrac həcmi ilə Çin qərarlaşıb. İkinci yerdə 2,19 trilyon dollarla ABŞ, üçüncü yerdə isə 1,76 trilyon dollarla Almaniya yer alıb. Siyahıda dünyanın başqa inkişaf etmiş ölkələri ilə yanaşı, Meksika, Tayvan, Vyetnam, Hindistan, Polşa, Malayziya, Rusiya, Braziliya, Tayland, Səudiyyə Ərəbistanı, Çexiya və İndoneziya da yer alır.
Oncül ölkələrin siyahısının sonuncu pilləsində qərarlaşan İndoneziyanın ixrac həcmi 283 milyard dollar göstərilib.
Həmçinin Sinqapur və başqa ölkələrin müqayisəsi də təqdim olunub.
Bildirilib ki, 6 milyon əhalisi olan Sinqapurun ixrac həcmi 567 milyard dollar, adambaşına düşən ixrac isə 94 500 dollar təşkil edir. Ölkənin əsas ixrac sahələri elektronika, yarımkeçiricilər, dərman sənayesi, maliyyə xidmətləri və logistika kimi göstərilib.
Sinqapurun üstünlükləri sırasında strateji coğrafi mövqeyi, maliyyə mərkəzi olması, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatı və sabit idarəetmə sistemi göstərilib.
Çağırışlar kimi isə yüksək həyat dəyəri və təbii sərvətlərin olmamasıdır.
İndi gəlin ölkənin altı da, üstü də qızıl olan Vətənimin statistikasına baxaq.
Professor paylaşımında Azərbaycanın, Türkiyənin, Rusiyanın və Sinqapurun ixrac göstəricilərini də müqayisə edib.
Azərbaycanda ixracın həcmi 26,7 milyard dollardır. 10,2 milyon əhalisi olan ölkəmizdə adambaşına düşən ixrac 2620 dollardır. Əsas ixrac məhsul sektorları neft və qaz, neft məhsulları, petrokimya və alüminiumdur. Üstünlükləri - təbii sərvətlər, coğrafi mövqe və enerji potensialıdır. Çağırışlar isə ixracın neftdən asılılığı və qeyri-neft sektorunun zəifliyidir.
86,6 milyon əhalisi olan Türkiyədə ixracın həcmi 262 milyard dollardır. Adambaşına düşən ixracın həcmi isə 3020 dollardır. Əsas ixrac məhsul sektorları avtomobil, maşınqayırma, tekstil, kimya və müdafiə sənayesidir. Üstünlükləri - güclü sənaye bazası, geniş bazarlar və işçi qüvvəsidir.
Çağırışlar isə yüksək inflyasiya, enerji idxalından asılılıq və valyuta qeyri-sabitliyidir.
Rusiyada ixracın həcmi 419 milyard dollardır. 145 milyon əhalisi olan şimal qonşumuzda adambaşına düşən ixrac 2890 dollardır. Əsas ixrac məhsul sektorları neft və qaz, metallar, gübrə, taxta və kimya sənayesidir. Üstünlükləri- təbii sərvətlər, enerji gücü və geniş coğrafi ərazidir. Çağırışlar isə sanksiyalar, texnoloji məhdudiyyətlər və çeşidləmə problemidir”.
Saleh Məmmədov Sinqapurun uğur formuluna da münasibət bildirib:
“Ölkənin dünya səviyyəli liman və logistika sistemi, beynəlxalq maliyyə mərkəzi, yüksək texnologiya və innovasiya, eyni zamanda səmərəli dövlət idarəçiliyi var”.
Paylaşımda eyni zamanda 2025-2035-ci illər üzrə ixrac həcmlərinə dair proqnozlar da yer alıb.
Məlumata görə, Sinqapurda 2025-ci ildə ixracın həcmi 567 milyard dollar təşkil edir. 2030-cu il üçün bu göstəricinin 700-750 milyard dollara, 2035-ci ildə isə 850-950 milyard dollara çatacağı proqnozlaşdırılır. Orta illik artım tempinin 4,1-5,3 faiz olacağı göstərilir.
Azərbaycanda isə 2025-ci ildə ixracın həcmi 26,7 milyard dollar olduğu halda, 2030-cu ildə bu rəqəmin 35-40 milyard dollara, 2035-ci ildə isə 55-65 milyard dollara yüksələcəyi qeyd edilir. Orta illik artımın 7,5-9,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Türkiyədə 2025-ci ildə ixracın həcmi 262 milyard dollar olduğu halda, 2030-cu ildə bu göstəricinin 350-400 milyard dollara, 2035-ci ildə isə 500-600 milyard dollara çatacağı proqnozlaşdırılır. Orta illik artımın 6,7-8,6 faiz olacağı bildirilir.
Saleh Məmmədovun sözlərinə görə, ölkənin böyüklüyü deyil, ideyalarının böyüklüyü və insan kapitalının keyfiyyəti onun ixrac gücünü müəyyən edir.
O əlavə edib ki, Azərbaycan və Türkiyə üçün əsas məqsəd neft və xammaldan asılılığı azaltmaq, yüksək əlavə dəyərli məhsul və xidmətlərə, texnologiyaya və innovasiyaya yönəlmək, ixracı dayanıqlı və rəqabətədavamlı etməkdir.
Günel Həsənova, Bizimyol.info






