Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sərhədlərin delimitasiyası sülh prosesini daha da sürətləndirir”
“Sərhədlərin delimitasiyası sülh prosesini daha da sürətləndirir”

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı müzakirələrin yeni mərhələyə keçməsi sülh gündəliyinin ən həssas məsələlərindən biri olan eksklav və anklavların taleyini yenidən ön plana çıxarıb.

Ceyhun Bayramovun delimitasiya prosesinin davam etdiyini bildirməsi və Nikol Paşinyanın ərazi mübadiləsi ehtimalını gündəmə gətirməsi tərəflərin müxtəlif hüquqi və siyasi yanaşmalar üzərində düşündüyünü göstərir. Bununla belə, yekun qərarın hansı prinsip əsasında veriləcəyi regionda uzunmüddətli sabitliyin formalaşmasına birbaşa təsir edəcək.

  • Paşinyanın ərazi mübadiləsi variantını açıq şəkildə səsləndirməsi Ermənistanın mövqeyində taktiki dəyişiklikdir, yoxsa real kompromisə hazır olduğunun göstəricisidir?

Sərhədlərin delimitasiyası prosesinin uğurla həyata keçirilməsi həm Azərbaycanın, həm də Ermənistanın milli maraqlarına cavab verir. Bu proses regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovun sərhədlərin delimitasiyası ilə bağlı fikirləri reallığa və mövcud faktlara əsaslanır.

Deputat bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ərazi mübadiləsi ilə bağlı səsləndirdiyi fikirlər onun şəxsi yanaşmasıdır və bu yanaşma hər hansı bir yekun mövqe və ya dəyişməz prinsip kimi qəbul edilə bilməz.

Çünki bu məsələlərlə bağlı müxtəlif məsləhətləşmələr, fikir mübadilələri və fərqli yanaşmalar mövcuddur. Lakin bu, o demək deyil ki, Azərbaycanla Ermənistan arasında aradan qaldırılması mümkün olmayan köklü ziddiyyətlər var”, - deyə Tahir Rzayev vurğulayıb.

Onun sözlərinə görə, Nikol Paşinyanın yenidən baş nazir seçilməsi də sülh prosesinin davam etdirilməsi, Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın bərpası baxımından müsbət amil kimi qiymətləndirilə bilər.

Deputat bildirib ki, Ermənistan rəhbərliyi son dövrlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir və bu istiqamətdə dəfələrlə mövqeyini açıqlayıb.

Əlbəttə ki, prosesin gedişində müəyyən məsələlərə aydınlıq gətirilməsi vacibdir. Lakin bütün bunlar dövlətlərin suverenliyinə, sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə hər hansı formada xələl gətirməməlidir”, - deyə o əlavə edib.

Tahir Rzayev Ermənistanın konstitusiya dəyişiklikləri məsələsinə də toxunaraq qeyd edib ki, bu ölkədə referendumun keçirilməsi, konstitusiyaya zəruri dəyişikliklərin edilməsi, eləcə də Azərbaycanın irəli sürdüyü təkliflərin və qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sülh müqaviləsinin imzalanmasına imkan yaradacaq.

Deputat hesab edir ki, sülhün əldə olunması Azərbaycandan daha çox Ermənistanın maraqlarına xidmət edir. Çünki Ermənistan uzun müddət müxtəlif xarici təsirlərin altında olub və bir çox məsələlərdə müstəqil qərar verməkdə çətinlik çəkib.

Ermənistan bəzi dövlətlərin mövqeyinə həddindən artıq önəm verir, bir çox hallarda həmin ölkələrin razılığı olmadan hər hansı sənədə imza atmağa tələsmir. Lakin hadisələrin inkişafı göstərir ki, artıq bu maneələr tədricən aradan qalxır”, - deyə Tahir Rzayev bildirib.

Deputatın fikrincə, Nikol Paşinyan yenidən hakimiyyətə gəldikdən sonra daha sərbəst siyasət yürütmək niyyətindədir. Bu isə Ermənistanda mövcud olan müəyyən separatçı qüvvələrin təsirinin zəifləməsinə, Azərbaycana qarşı formalaşdırılmış düşmənçilik ritorikasının aradan qalxmasına təsir edə bilər.

Tahir Rzayev əlavə edib ki, sərhədlərin delimitasiyası ilə bağlı tərəflər arasında müəyyən fikir ayrılıqlarının olması təbii prosesdir və bu məsələlər sülh müqaviləsinin imzalanmasına, eləcə də regionda sabitliyin bərqərar olmasına mənfi təsir göstərməməlidir.

Əsas məsələ odur ki, tərəflər qarşılıqlı anlaşma yolu ilə mövcud problemləri həll etsinlər. Çünki Cənubi Qafqazda uzunmüddətli sülh həm Azərbaycan, həm də Ermənistan xalqlarının gələcəyi üçün vacibdir”, - deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »