Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt şirkətləri Almaniyada köhnə kitabları kütləvi şəkildə satın alır
Süni intellekt şirkətləri Almaniyada köhnə kitabları kütləvi şəkildə satın alır

Almaniyada antikvar kitab mağazalarının sahibləri son aylarda köhnə nəşrlərə tələbatın kəskin artdığını bildirirlər.

Bizimyol.info xəbər verir ki, "Deutsche Welle" nəşrinin məlumatına görə, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər bu kitabları rəqəmsallaşdıraraq iri dil modellərinin və çat-botların öyrədilməsi üçün kütləvi şəkildə satın alırlar.

Kitab satıcılarının sözlərinə görə, bəzi sifarişlərin həcmi onların illik dövriyyəsinə bərabərdir. Maraqlıdır ki, illərlə alıcı tapmayan nəşrlər də indi sürətlə satılır. Sifarişlərin əksəriyyəti Kanada–ABŞ mənşəli "Zoom Books" şirkəti vasitəsilə həyata keçirilir.

Ən çox tələb görən nəşrlər elmi, akademik və ixtisaslaşmış kitablardır. Xüsusilə regional tarix, dilçilik, iqtisadiyyat və hüquq sahələrinə aid əsərlər süni intellekt tərtibatçıları üçün böyük maraq kəsb edir. Mütəxəssislər bildirirlər ki, bu kitablarda açıq rəqəmsal mənbələrdə rast gəlinməyən dil xüsusiyyətləri və tarixi ifadə formaları mövcuddur ki, bu da süni intellekt sistemlərinin daha dəqiq öyrədilməsinə kömək edir.

Nəşr qeyd edir ki, çap kitablarına marağın artmasının əsas səbəblərindən biri rəqəmsal mətn ehtiyatlarının böyük ölçüdə tükənməsidir.

Bundan əvvəl "The Washington Post" yazmışdı ki, ABŞ-ın "Anthropic" şirkəti "Panama" layihəsi çərçivəsində milyonlarla çap kitabını satın alaraq skan edib. Prosesi sürətləndirmək üçün kitabların cildləri kəsilib və kağız nüsxələrin əhəmiyyətli hissəsi məhv edilib. Sonradan şirkət müəllif hüquqlarını pozmaqda ittiham olunsa da, mübahisə 1,5 milyard dollar ödəniş qarşılığında həll edilib.

Berlinli antikvar kitab satıcısı Urban Tserfas baş verənləri "qızıl hərisliyi" ilə müqayisə edib. O bildirib ki, bir çox kitab satıcısı dəyərli nəşrlərin yalnız skan edildikdən sonra məhv edilməsi məqsədilə alınmasını qəbul etmir. Onun fikrincə, məsələ müəllif hüquqlarının qorunması və mədəni irsin saxlanılması baxımından ciddi narahatlıq doğurur.

Tübingen şəhərindən olan antikvar Rocer Zonnevald isə xəbərdarlıq edib ki, çap kitablarının kütləvi şəkildə alınıb məhv edilməsi gələcəkdə mədəni irsin itirilməsi riskini artıra bilər. O qeyd edib ki, xüsusilə 1970-ci illərdən sonra nəşr olunmuş, müəllif hüquqları ilə qorunan və tam rəqəmsal nüsxəsi olmayan kitablar süni intellekt şirkətləri üçün ən qiymətli mənbələr hesab olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »