Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Penin parlament köməkçiləri işi üzrə cəzası apellyasiya instansiyası tərəfindən azaldılıb.
Bizimyol.info xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Le Penə təyin edilmiş həbs müddətini üç ilə endirib. Qərara əsasən, bu müddətin iki ili şərti hesab olunur, daha bir il ərzində isə siyasətçi elektron nəzarət qolbağı taxmalı olacaq.
Məhkəmə, həmçinin Marin Le Penin seçkilərdə iştirak hüququ ilə bağlı məhdudiyyət tətbiq edib. Siyasətçiyə 45 ay müddətinə namizədliyini irəli sürmək qadağan olunub. Bunun 30 ayı şərti xarakter daşıyır. Nəticədə Le Pen faktiki olaraq 15 ay ərzində seçkilərdə iştirak edə bilməyəcək. Qadağanın müddəti 2025-ci ilin yazından hesablanır.
İş Avropa Parlamentində deputat köməkçilərinin işə götürülməsi ilə bağlı maliyyə pozuntuları iddiaları ilə bağlıdır. Fransa məhkəmələri araşdırma çərçivəsində “Milli Birlik” partiyasının bəzi üzvlərinin Avropa Parlamentinin vəsaitlərindən partiya fəaliyyətləri üçün istifadə etdiyini araşdırıb.
Marin Le Pen isə ittihamları rədd edərək, işi siyasi motivli hesab etdiyini bildirib. Siyasətçinin hüquqi mübarizəsi Fransanın siyasi gündəmində mühüm mövzulardan biri olaraq qalır, çünki o, son illərdə ölkənin əsas siyasi fiqurlarından biri və prezidentliyə potensial namizəd kimi çıxış edib.
Bizimyol.info






