Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşın sürəndə əli-ayağı bayıra çıxarmaq olar?
Maşın sürəndə əli-ayağı bayıra çıxarmaq olar?

Son günlər sosial şəbəkələrdə sürücülərin avtomobili idarə edərkən əl və ya ayaqlarını pəncərədən çölə çıxarmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Sürücülərin avtomobili idarə edərkən qeyri-adi və təhlükəli davranışları həm hüquqi, həm də təhlükəsizlik baxımından müxtəlif suallar doğurur.

Avtomobil idarə edərkən əl və ya ayağın pəncərədən bayıra çıxarılması ilə bağlı görüntülər cəmiyyətdə bu hərəkətin qanunvericilikdə necə tənzimləndiyi məsələsini yenidən gündəmə gətirib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir əlini avtomobilin pəncərəsindən çölə çıxarmaq qanunvericilik baxımından birbaşa inzibati məsuliyyət yaratmır. Lakin sürücü hər iki əlini sükan çarxından çəkərsə, bu halda məsuliyyət yarana bilər. Çünki "Yol hərəkəti haqqında" qanun sürücünün nəqliyyat vasitəsini idarə edərkən avtomobilə tam nəzarəti təmin etməsini tələb edir və sükanı nəzarətsiz buraxmaq təhlükəli hərəkət hesab olunur.

Ekspert bildirib ki, texnologiyanın inkişafı bu məsələyə yanaşmanı dəyişir.

“Artıq avtopilot sistemi ilə işləyən, hətta sürücüsüz avtomobillər mövcuddur. Belə nəqliyyat vasitələrində sürücü avtomobili birbaşa idarə etmir, idarəetmə elektron sistemlər vasitəsilə həyata keçirilir. Bu baxımdan, qanunvericiliyin də yeni texnologiyalara uyğunlaşdırılması zəruridir. Azərbaycanda bu məsələ parlament səviyyəsində də müzakirə olunub və gələcəkdə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi istisna edilmir”-deyə ekspert bildirib.

O deyib ki, sürücünün ayağını avtomobildən çölə çıxarması isə fərqli məsələdir. Bu cür davranış intizamsızlıq olmaqla yanaşı, ictimai qaydalara və cəmiyyətə hörmətsizlik kimi qiymətləndirilə bilər. Hazırkı qanunvericilikdə bununla bağlı ayrıca norma nəzərdə tutulmasa da, təhlükəsiz idarəetmə prinsiplərinə zidd hərəkət hesab oluna bilər.

“Əgər söhbət mexaniki ötürücü qutusu olan avtomobildən gedirsə, sürücünün hər iki ayağından istifadə etməsi zəruridir. Çünki belə nəqliyyat vasitələrində qaz, əyləc və mufta pedalları mövcuddur və onların təhlükəsiz şəkildə idarə olunması sürücünün hər iki ayağının normal vəziyyətdə olmasını tələb edir. Avtomatik ötürücü qutusu olan avtomobillərdə isə idarəetmə əsasən bir ayaqla həyata keçirilir.

Buna baxmayaraq, sürücünün ayağını pəncərədən çölə çıxarması təhlükəsiz idarəetmə baxımından yolverilməz davranışdır. Bunun hüquqi məsuliyyət doğurması isə konkret hadisənin şəraitindən və nəticələrindən asılı olaraq qiymətləndirilə bilər”-deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »