Azərbaycan Prezidenti İlham Əliyev “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərman imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Fərmana əsasən, Azərbaycan Respublikasında növbəti əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-dən 31-dək, oktyabrın 1-nə olan vəziyyət üzrə keçiriləcək.
Sənəddə qeyd olunub ki, məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsidir.
Əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc olunaraq yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində 2029-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq etməli, inzibati mənbələrdə olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasını təmin etməli, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etməlidir.






